Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı bütün “ASAN xidmət” mərkəzlərində ediləcək

Bu gündən əcnəbilərin olduğu yer üzrə qeydiyyatı bütün “ASAN xidmət” mərkəzlərində ediləcək.

BBN.az xbər verir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilkin olaraq elan edildiyi kimi Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN xidmət” mərkəzlərində olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında bu il mayın 17-də imzalanmış Anlaşma Memorandumunun icrasına əsasən həyata keçirilir.

Memoranduma əsasən Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin “ASAN xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər.

Məqsəd olduğu yer üzrə qeydiyyat prosesində şəffaflığın, rahatlığın təmin edilməsi, mümkün növbələrin qarşısının alınması, xidmətdən istifadə məmnunluğunun artırılması və şəxslərin müraciət imkanlarının genişləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır