200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib

Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd etdi ki, milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir. Bu baxımdan 1992-ci ildə Azərbaycan manatının dövriyyəyə buraxılması mühüm hadisə idi. Lakin, dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi. Məhz ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli müvafiq Fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkə rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bir daha öz təsdiqini tapıb.

12 il müddət keçməsinə baxmayaraq milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyur. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.

Son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.

E.Rüstəmov bildirdi ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub.

E.Rüstəmov qeyd edib ki, Ulu Öndərin titanik zəhməti ilə yaradılmış iqtisadi potensial əsasında onun layiqli davamçısı İlham Əliyev “qızıl inkişaf dekadası”na nail olub. 2003-ci ildən başlayaraq həyata keçirilən “təqibedici” artım doktrinası sayəsində milli iqtisadiyyatın həcmi 3.3 dəfə artıb. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlmiş, yoxsulluq cəmi bir dekadada 9 dəfə azalmışdır. Strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 mlrd. dollara çatıb. Təsadüfi deyil ki, Qlobal rəqabətlik hesabatına görə Azərbaycan MDB-nin ən rəqabətli ölkəsidir.

Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilmişdir. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunmuşdur. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunmuşdur.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.

E.Rüstəmov təqdim edilən pul nişanlarının dünya numizmatlarının kollek­siya­larında xüsusi yer tutacağına əminliyini ifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır