Alternativ xidmət kanalı nədir? Azərbaycanda hansılar daha çox istifadə olunur? – EKSPERT RƏYİ

BBN.az bank və maliyyə sektorunda müsahibələrini davam etdirir. Bu istiqamətdə alternativ xidmət kanalları ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov ekspert rəyini öyrəndik. Müsahibəni sizə təqdi edirik:

  • Bankda alternativ xidmət kanalları dedikdə nə başa düşülür?

Alternativ xidmət kanalları klassik xidmət kanalı xaricində müştərilərə satış həyata keçirmək və ya xidmət göstərmək məqsədilə yaradılan kanallardır. Bankların klassik xidmət kanalı filial, alternativ xidmət kanalları isə ATM, Çağrı Mərkəzi, İnternet və Mobil Bankçılıqdır.

 

  • Bu kanallardan hansı daha çox istifadə olunur: bizdə və dünyada?

Ölkəmizdə alternativ xidmət kanallarından ən çox istifadə edilən hazırda heç şübhəsiz ki, ATM-lərdir. Buna səbəb kimi, nağdsız ödənişlərin kifayət qədər yayqınlaşmaması və əhalinin nağd ödənişə daha çox üstünlük verməsini göstərə bilərik. Amma inkişaf etmiş ölkələrdə bu göstərici fərqlidir. Belə ki, bank əməliyyatlarını həyata keçirmək üçün müştərilər daha çox İnternet və Mobil Bankçılıq kanallarını istifadə edirlər. Hətta bu kanalları istifadə edən müştərilərin sayı filiala gedən müştərilərin sayından belə çoxdur. Ağıllı mobil telefonların yayqınlaşması ilə əlaqədar olaraq Mobil Bankçılıq istifadəçilərinin sayı İnternet Bankçılıq istifadəçilərdən daha çox artmaqdadır. Ona görə hər iki kanalı bərabər inkişaf etdirmək lazımdır.

 

  • Bu sahədə yerli bankların dünya təcrübəsinə uyğunlaşmaları üçün nələr edilməlidir?

Alternativ xidmət kanallarının inkişafını təmin etmək üçün bu sahəyə həm banklar, həm də müvafiq nəzarət orqanları tərəfindən xüsusi diqqət yetirilir. Banklar bu kanallar vasitəsilə göstərilən xidmətlərin zənginləşdirilməsi və müştərilər tərəfindən rahat istifadə edilməsini təmin edir, müvafiq nəzarət orqanları isə bütün bank əməliyyatlarının elektron mühitdə həyata keçirilməsi üçün hüquqi zəmin hazırlayırlar. Bu iki məsələ üzrə işlər yekunlaşdıqdan sonra bu kanalların dünya təcrübəsinə uyğunlaşması prosesi xeyli sürətlənmiş olacaqdır.

 

  • Yaxın 1 illik və 5 illik dövrdə bu sahədə hansı yeniliklərin olması gözlənilir?

Yaxın 1 ildə Banklar xüsusilə İnternet və Mobil Bankçılıq xidmətlərini daha da inkişaf etdirmək üçün bu sahəyə investisiya qoyuluşlarını artıracaqlar. Çünki mövcud iqtisadi vəziyyətdə hər bir qurum xərclərini azaldaraq daha çox müştəriyə xidmət etmək istəməkdədir. Bunu da yalnız alternativ xidmət kanallarının vasitəsilə həyata keçirmək mümkündür. Nəticədə bu sahadə banklar arasında rəqabət güclənəcək, elektron bankçılıq sürətlə inkişaf edəcək və 5 il sonra ümumi bank əməliyyatlarının yarıdan çoxu bu kanalların payına düşəcəkdir.

 

  • Yeni texnologiyaların inkişafı, innovativ bank xidmətlərinin ortaya çıxmasını nəzərə alaraq, orta müddətli (3-5 ildən sonra) dövrdən sonra müştəri bank münasibətlərini necə görürsünüz.

Alternativ xidmət kanallarının təməlində müştərilərin doğru identifikasiyası və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi durur. Yeni texnologiyaların bu istiqamətdə inkişaf edəcəyi proqnazlaşdırılır. Bildiyiniz kimi bir çox qurumlar tərəfindən artıq bəzi xidmətlər elektron olaraq təqdim edilir. Belə ki, bu növ xidmətləri əldə etmək üçün müştərilərin həmin quruma, o cümlədən banka yaxınlaşmasına və növbədə durmasına ehtiyac yoxdur. İnkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsinə baxaraq deyə bilərik ki, 3-5 il sonra ölkəmizdə də bənzər inkişafın olacağı labüddür. Müştəri məmnuniyyətini düşünən banklar bu yeniliklərə indidən hazırlaşmalıdırlar.

Maliyyə-bank sisteminə aid maarifləndirici yazıları oxumaq üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır