Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

BBN.az xəbər verir ki, səfərin ilk günü nazir Şahin Mustafayev İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini və birgə səylərini vurğulayıb.

Ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb. İran Azərbaycana 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb.

İran islam Respublikasının İqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank, səhiyyə sahələrində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb. İranlı nazir Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edərək, dəmir yolunun yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib.

Qeyd edək ki, görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır