Azərbaycanda “Qida Təhlükəsizliyi Agentliyi” yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.

Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibrən fəaliyyətə başlaması nəzərdə tutulub. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseynin qənaətinə görə, bu agentliyin yaradılması prosesində müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınır. Həmçinin dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq.

Bununla həm də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası təmin olunacaq.

Qeyd edək ki, Prezidentin Fərmanı ilə həm də “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiqlənib. Agentliyin Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib.

Eyni zamanda Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır