Bağlanan banklara borcu olan şəxslərə Əmanətlərin Sığortalanması Fondundan müraciət

Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Fondun rəsmi məlumata görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə “Zaminbank” ASC, 2-1 (81)-3619/16 saylı qərarı ilə ”Kredobank” ASC, 2-1 (81)-3618/2016 saylı qərarı ilə “Parabank” ASC və 2-1(81)-3617/2016 saylı qərarı ilə “Dekabank” ASC məcburi ləğv olunub və Əmanətlərin Sığortalanması Fondu bu ilin iyulun 25-dən bu bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş banklar qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

Həmçinin məlumatda qeyd olunub ki, “Ləğv prosesində olan banklara borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır