Banklar niyə dollar satmır? – MÜSAHİBƏ

Azərbaycanda dollar almaq istəyənlər bu xarici valyutanın ya məhdudiyyətlə, ya da heç satılmadığını deyir. Bəziləri bu vəziyyəti dolların daha da bahalaşacağının xəbərçisi kimi qəbul edir. Bəs əslində nə baş verir? BBN.az xəbər verir ki, dollar və manatla bağlı sualları BBC Azərbaycancaya iqtisadi təhlilçi Samir Əliyev izah edir.

Banklar niyə dollar satmır?

– Hazırda ölkədə dollar qıtlığı mövcuddur. Konkretləşdirsək, bankların əlində olan dollar vəsaiti məhduddur. Çünki bankların özünün borc öhdəliyi var. Yəni vaxtilə xarici banklardan aşağı faizlə kredit götürüb onu Azərbaycan iqtisadiyyatına yönəldiblər, indi həmin kreditlərin qaytarılma vaxtıdır. Xarici kreditlər xarici valyutada, bir qayda olaraq – dollar, avroda götürülür.

Əvvəllər də xarici borclar qaytarılırdı, amma paralel olaraq əlavə borclar götürülürdü. Ona görə də belə bir sıxıntı yaranmırdı, amma indi yenisi götürülmür, köhnələri qaytarılır və bunlar da xarici valyuta – dollar tələb edir. Bu baxımdan bankların dollara tələbləri artıb. Banklar da belə şəraitdə ya dolları bazardan alır, ya da əllərində olanla kreditlərini qaytarır. Xüsusilə Beynəlxalq Bank kimi iri bankların bazarda dollara olan tələbatı artıb.

Digər səbəb idxalla bağlıdır. Biz bilirik ki, Azərbaycana böyük həcmdə idxal daxil olur, xüsusilə də qeyri-ərzaq – texnikadan tutmuş avadanlıqlara qədər hamısı xaricdən gəlir, Azərbaycanda istehsal olunmur.

Xaricdən gətirilən bütün mallar da özlüyündə dollar tələb edir. Çünki mal alanda onun pulunu ödəmək üçün dollardan istifadə edilir. Bu baxımdan idxalın artması xarici valyutaya tələbatı artırıb. İdxalatçı şirkətlər banklara dollar üçün müraciət edir. Banklar, dollar qıtlığı olduğundan əllərindəki dolları satmağa yox, daha çox öz müştərilərinin tələblərini yerinə yetirməyə yönəldirlər. Bu səbəbdən də bugün banklarda dollar qıtlığı var.

Tədiyyə balansına baxsaq – tədiyyə balansı il ərzində ölkəyə gələn və ölkəni tərk edən xarici valyutanın vəziyyətini təyin edən maliyyə sənədidir . Yəni daha çox xarici valyuta ölkəni tərk edirsə və ölkəyə az xarici valyuta gəlirsə bu, mənfi deməkdir. Bizdə də hazırda tədiyyə balansında mənfi var. Çünki ölkəni daha çox dollar tərk edir, nəinki ölkəyə dollar gəlir. Bu baxımdan da dollar qıtlığı yaranıb, əhali də əlində olan vəsaiti dollara çevirərək bir hissəsini banka qoyub, bir hissəsini isə yastıq altında saxlayır. Düşünürəm ki, yaranmış dollar qıtlığı yaxın dövrlərdə də davam edəcək.

Neft Fondu mütəmadi olaraq banklara dollar valyutanın satışını həyata keçirir. Bu onların tələbatını ödəmirmi?

– Azərbaycanda valyuta hərracı həftədə iki dəfə keçirilir: çərşənbə axşamı və cümə axşamı günləri. Bu, ayda təxminən 8 hərrac edir. Bəzən də ayın günlərindən asılı olaraq 9 hərrac keçirilir. Hər hərrac zamanı 50 milyon dollar satılır. Ümumilikdə ay ərzində 400 milyon dollar satılır.

Nəzərə almaq lazımdır ki, idxal və bankların xarici borcları səbəblərindən ölkə iqtisadiyyatının dollara olan ehtiyacı daha çoxdur. Neft Fondu ölkənin dollara olan tələbatını bugün tam ödəyə bilmir. Bunun da əsas səbəbi ölkədən rəsmi və qeyri-rəsmi şəkildə güclü kapital axınınn baş verməsidir. Bu da manatı təzyiq altında saxlayır. Dollar ölkədən getdiyinə görə dollara tələbat artır, bu da manatın məzənnəsinə öz mənfi təsirini göstərir. Bu baxımdan düşünürəm ki, başqa bir mənbələrdən istifadə etmək lazımdır. İndiki vəziyyətdə ölkəyə dollar gətirən alternativ kanallar yoxdur. Əsas SOCAR-dır – onun vasitəsilə gələn dollar da onun problemlərinin həllinə yönəlir. Mərkəzi Bank – ikinci kanaldır – onun da dollar həcmi azalıb. Üçüncü – Neft Fondudur. Və faktiki olaraq bu əsas üç kanaldan yalnız biri bazarı dollarla təmin edir. Rusiyada, Qazaxıstandakı kimi onlarla, yüzlərlə əlavə kanal yoxdur. Əsas problem bununla bağlıdır.

Manat, dollar

Alternativ yollar nədir və ya nə ola bilər?

– Azərbaycan iqtisadiyyatında neft-qazın payı uzun müddət 90 faizdən çox olub – 93-94%. Cəmi 7 faizi qeyri-neft sahəsinin payıdır. Alternativ yol da bu qeyri-neft sahəsidir.

Ölkəyə dollar gəlir, amma neftdən gəlir. Neftin qiyməti ucuzlaşdığına görə də neftdən gələn dollar azalıb. Alternativ qeyri-neft sahəsi olmalı idi. Amma bizim nəyimiz var? Rusiya avtomobil ixrac edir. Qazaxıstan kənd təsərrüfatı məhsulları, mebel ixrac edir.. Amma Azərbaycan nə ixrac edir? Gəlin baxaq hansı sahələr alternativ yol ola bilər?

Həmçinin oxu: Azərbaycan prezidentinin müşaviri Natiq Əmirov: “Biz postneft erasına 10-15 ildən sonra daxil olacağımızı gözləyirdik..”

Alternativ yol – meyvə və tərəvəz ixracı ola bilər – burada ötən illə müqayisədə azalma var. Əsas alıcımız da Rusiyadır. Meyvə-tərəvəzlə alternativ kanal yaratmaq olmaz. Onsuz da bunun həcmi azdır. Biz meyvə-tərəvəzdən başqa, demək olar ki, kənd təsərrüfatı məhsulu kimi heç nə ixrac edə bilmirik. Etsək də bu o qədər azdır ki, onun Azərbaycan iqtisadiyyatına təsirindən danışmağa dəyməz. Deməli, alternativ kanal yaradılması üçün ixrac gücləndirilməlidir. İxracın gücləndirilməsi üçün həm qiymət, həm də keyfiyyət baxımından rəqabətlilik qabiliyyətini artırmalı – rəqabət qabiliyyətli məhsul istehsal edib ixrac etməliyik. Çox təəssüf ki, bu məsələlər bu vaxta kimi nəzərə alınmayıb. İndi isə gecdir, yəni bugün işlər qurulsa da, nəticəsi ən yaxşı halda bir neçə ildən sonra olacaq. Halbuki bizim təcili olaraq ölkəyə dollar gətirən kanallara ehtiyacımız var.

Amma bu yoxdursa, o zaman ölkədən dollar çıxaran kanalları məhdudlaşdırmalıyıq – yəni kapital axınını. Bugün ölkədən rəsmi və qeyri-rəsmi güclü kapital axını var. Bu da onunla bağlıdır ki, məmurlar öz varidatını ölkədən çıxarır ki, gələcəyə ümid yoxdur. Və ya xarici və ya yerli şirkətlər bizneslərini xaricə – qonşu Gürcüstana, Qazaxıstana, Ukraynaya, hətta Rusiyaya köçürürlər. Bunların hamısı kapital axınıdır, bunların qarısını almaq lazımdır. İnzibati yolla yox, şərait yaratmaq lazımdır ki, onlar ölkəni tərk etməsinlər. Bütün bu proseslər kompleks şəkildə paralel aparılmalıdır.

Vətəndaşlar güman edir ki, banklar dollar satmırsa, bu, növbəti devalvasiyanın göstəricisidir. Belədirmi?

– Onsuz da 2015-ci il dekabrın 21-dən sonra manat üzən məzənnə siyasətinə keçib. Yəni, artıq bazarı ən azı nəzəri cəhətdən tələb və təklif təyin edir. Bu baxımdan bizim devalvasiya aldandırdığımız məzənnə dəyişikliyini Mərkəzi Bank devalvasiya aldandırmaya bilər – “məzənnə dəyişikliyidir” deyə bilər. Doğrudan da son 3 ayda – iyun, iyul və avqustda – manat dollara münasibətdə 10 faiz ucuzlaşıb. Bu baxımdan devalvasiya sözü bir qədər aktuallığını itirir və ya termin olaraq real vəziyyətdən kənara çıxır. Amma reallıq odur ki, manat dəyirini itirir və bu proses [tədiyyə balansı, kapital axını səbəblərdən] baş verməkdə davam edəcəkdir.

Amma devalvasiya olub-olmayacaq – burada yalnız formasından söhbət gedə bilər- kəskin ucuzlaşma ola bilər, yoxsa yumşaq ucuzlaşma? Yumşaq onsuz da gedir – hər ay 3 faiz. Düşünürəm ki, hökümət imkan daxilində gücü çatana qədər belə də davam etdirəcək. Yox, əks halda – neft 40-30 dollardan aşağı düşsə və ya siyasi gərginlik olarsa və ya maliyyə təşvişi yaransa, ABŞ-ın Mərkəzi bankı (FED) öz uçot dərəcələrini qaldırarsa, kəskin devalyasiyaya keçmə ehtimalı ola bilər. Əks halda düşünürəm ki, hökümət manatı yavaş-yavaş ucuzlaşdırmaqda davam edəcək, ən azı referenduma və ya ilin sonuna qədər. Bacarsa alınacaq, bacarmasa kəskin devalvasiyaya gedəcək.

50 manat

Xarici səfərlər üçün dollar almağa ehtiyacı olan bir çox insan var. Lakin deyirlər ki, heç 10 dollar da almaq olmur. Dollar satışında hansısa müsbət həll gözlənilirmi?

– Bazar dollarla təmin edilməlidir. İdxalın qarşısını almaq olmaz, çünki ehtiyac var. Amma Neft Fondunun vəsaitlərinin bir hissəsinin banklarda depozit kimi yerləşdirilməsi ilə ölkəni dollarla təmin etmək olar. Amma bu çıxış yoludurmu?

Son 3 ayda hərraclarda tələb, təklifi 10-12 dəfə üstələyib. 50 milyona qarşı 500-700 milyon dollara tələbat var. Amma inanmıram ki, Fond bu miqdarda pulu banklara versə də problem həll olunsun. Problem ondadır ki, ölkədən çoxlu dollar çıxarılır, bunun qarşısı alınmalıdır. Bunu da adi camaat çıxartmır, sahibkarlar, yüksək vəzifəli adamlar çıxarır. Başqa tədbirlər də görülməlidir. Məsələn, elə etmək lazımdır ki, insanlar yastıq altında saxladıqları pulu çıxarıb iqtisadiyyata yönəltsinlər. Bəzən deyirlər ki, insanların pulu var? Var, ən azı 1000 dolları var. 1000 adamı hesablayanda bu 1 milyon dollar edir. Mexanizm tapılmalıdır. Yəni tədbirlər həyata keçirilməlidir, məhdud dollar satmaq çıxış yolu deyil.

Bəzi fikirlərə görə, dolların satılmamağının bir səbəbi də insanları qara bazara yönəltməkdir. Bu doğrudurmu?

– Qara bazarın bağlanması hökümətin qarşısında duran əsas vəzifələrdən biri idi. Bunu vaxtında bağlamalı idilər, amma etmədilər. Qara bazar bugün manata təzyiq artıran əsas vasitələrdən biridir. Bilirsiniz ki, Mərkəzi Bank 4 faizli marja tətbiq edib, yəni banklar xarici valyutanı rəsmi məzənnədən maksimum 4 faiz ucuz ala və ya 4 faiz baha sata bilərlər. Bu gün tələbat yüksəkdir və banklar yüksək gəlir əldə etmək istəyir. Buna görə də vəsaiti qara bazara yönəldir. Üstünə 4 yox, 7-8 faiz gəlir. Buna görə də Mərkəzi Bank bu 4 faizlik marjanı qaldırmalıdır və təbii ki, qara bazar ləğv edilməlidir. Onlar qaldıqca Azərbaycanın maliyyə sisteminə təhlükə yaradacaq.

Manatın vəziyyəti necədir? Yetərincə manat varmı bazarda?

– Mərkəzi Bank manatın qıtlığı hesabına manatın məzənnəsini saxlaya bilib və müəyyən dövrdə manatı sabitləşdirməyə nail oldu. Amma bu qısa müddətli dövrdür. Bir az manat kütləsini artıran kimi yenidən dollara tələbat artdı. Sadə dildə izah etsək, büdcədən pul buraxılan kimi tələbat artır. Məsələn tikinti işləri – prezident sərəncam verir ki, filan yolun tikintisinə 5 milyon pul ayrılsın – bu 5 milyon bəlkə də heç nədir, amma nəzərə alaq ki, bu pulun 3-4 milyonu dollara çevrilir ki, xaricdən avadanlıq alınsın. Yəni investisiya kimi bu pullar avtomatik olaraq dollara tələbatı artırır. Amma manatı da çox sıxmaq olmaz, çünki manatsız da iqtisadiyyat olmaz, arada buraxmaq lazımdır. Ona görə də Mərkəzi Bank manatı buraxan kimi dollara ehtiyac çoxaldı. Bu səbəbdən indi manatı buraxmır. Nəticə odur ki, indi nə normal manat var, nə də dollar. Bu, həm də ölkə iqtisadiyyatını iqtisadi deyil, inzibati yollarla həll etməyin nəticədir.

Digər valyutalarda vəziyyət necədir?

– Bizdə heç vaxt funt ehtiyatı çox olmayıb, dollardan sonra ikinci pul ehtiyatı avroda olub. Bəzi banklar avro və funt satır, bəziləri yox. Kim dollar ala bilmirsə, avro alır. Bəlkə buna görədir ki, avro və funt satışında da azalma var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır