“Banklarda şübhəli halların aşkarlanma metodikası” – MƏQALƏ

.

zaur hacılı

 

Zaur N. Hacılı

 

Azərbaycan Bank Tədris Mərkəzinin eksperti

 

 

Avqust 2016

I.              Giriş

Qeyri-leqal əməllər vasitəsi ilə pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi metodları[1] çox sayda olsa da cinayətkarlar onlardan istifadə etməyə tələsmirlər. Çünki bu metodlarda qeyri-leqal əməllərin aşkar edilməsi nisbətən daha asandır; cinayətkarlar da bundan ehtiyatlanırlar. Bu məqsədlə cinayətkarlar çirkli pullarını daha çox qanuni yollarla yumağa cəhd edir, istifadə etdiyi metodlarını qanuni metodlarla imitasiya etməyə çalışırlar.

Aydındır ki, cinayətkarların qanuni fəaliyyətə imitasiya edilmiş qeyri-qanuni fəaliyyətin (əməliyyatların) müəyyən edilməsi asan deyildir. Onun aşkar edilməsi yalnız ətraflı araşdırma aparılmasından sonra mümkün olacaqdır. Lakin buradakı çətinlik araşdırma ilə bağlı deyildir, əsl problem minlərcə qanuni olaraq görünən əməliyyat arasında potensial olaraq qeyri-qanuni olanlarını (qanunsuz niyyətlə törədənlərini) tapmaqdan ibarətdir.

Bu baxımdan, qeyri-adi əməliyyatları şübhəli əməliyyatlardan fərqləndirmək ehtiyacı yaranır. Qeyri-adi əməliyyat və ya əməliyyat sxemləri dedikdə, gündəlik təcrübəsindən əhəmiyyətli dərəcədə fərqlənən (qeyri-adekvat) əməliyyat və ya əməliyyat sxemləri başa düşülür. Şübhəli əməliyyatlar və ya əməliyyat sxemləri isə araşdırma nəticəsində qeyri-adi əlamətləri aradan qalxmamış (qeyri-adiliyi (qeyri-adekvatlığı) qalmaqda davam etməsi təsdiqlənmiş) və ya yeni qeyri-adi əlamətləri aşkarlanmış əməliyyat və ya əməliyyat sxemləri başa düşülür. Beləliklə, müəyyən əlamətlərə uyğun olan əməliyyatlar qeyr-adi hesab oluna bildiyi halda dərhal şübhəli hesab oluna bilməz (şübhəli hesab olunması üçün onlar araşdırılmalıdır).

Bank daxilində PY/TMM üzrə görülən bütün tədbirlərin özəyində məhz qeyri-adi əməliyyatların ifşa edilməsi və onların şübhəli olub olmamasına dair qərarın verilməsi durur. Bankın bu funksiyası sayəsində bankdan sui-istifadə hallarının riski birbaşa azalmış olur.

Bununla belə, bu funksiya bank üçün nə qədər əhəmiyyətli olsa, bir o qədər də çətindir. Buradakı əsas çətinlik hansı əməliyyatın qeyri-adi və daha sonra, şübhəli olmasına dair qərar verməkdən ibarətdir. Bu cür qərarlar obyektiv və subyektiv mülahizələr əsasında formalaşır. Prinsip etibarı ilə mülahizələr hər zaman subyektivdir, onların obyektivliyinə ümum-qəbul edilmiş meyarlar işarə verə bilər. Nə qanunvericiliyimizdə, nə də beynəlxalq sənədlərdə şübhəli əməliyyatların meyarları sadalayan konkret bir siyahı yoxdur. Lakin əməliyyatların qeyri-adiliyinə işarə verən bir çox əlamətlərin siyahıları mövcuddur.[2] Bu cür əlamətlərə qanunvericiliyimizdə xüsusi indikatorlar[3] deyilir (bunlara həmçinin “həyacan siqnalları” (ingilis dilində “red flags”) də deyilə bilər).

II.            Xüsusi indikatorlar

Ümumilikdə, qeyri-adi əməliyyatlar qəribəliklə səciyyələnir. Bu cür əməliyyatlar iqtisadiyyata baxışı sağlam olan insanlarda maraq və suallar doğurur – misal üçün, “niyə malların adi alış-verişində 3-4 əlavə vasitəçi şirkət iştirak edir?; niyə müştəri, vəsaitini girovda saxlamaqla həmin məbləğdə kredit alır?; necə elə olur ki, biznesi olmayan şəxsin hesabına iri vəsaitlər köçürülür?; necə elə olur ki, məşhur olmayan şirkətin hesabına bir sıra ölkədən çoxsaylı iri köçürmələr həyata keçirilir?; nəyin əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyən dövlət məmurlarının və ya onların ailə üzvlərinin hesablarına iri vəsaitlər köçürülür? və s.

Qeyri-adi və şübhəli əməliyyatları aşkar etmək üçün kömək edən xüsusi indikatorlara misal olaraq aşağıdakılar göstərilə bilər: hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsə iri məbləğdə vəsaitlərin köçürülməsi, eyni müştəri və ya müştəri ilə əlaqəsi olan şəxslər tərəfindən qısa müddət ərzində iri məbləğdə vəsaitlərin terrorçuluq riski yüksək olan dövlətlərdən (məsələn, Əfqanıstan, Pakistan) ölkəmizə köçürülməsi, terrorçuluq riski yüksək olan dövlətlərin vətəndaşı olan və ya həmin ölkələrin vətəndaşları və bir-birləri ilə əlaqəsi olan şəxslər tərəfindən qısa müddət ərzində iri məbləğdə vəsaitlərin ABŞ-a, Rusiya Federasiyasına və ya Avropa ölkəsinə köçürülməsi, ofşor ölkələri və ya şel şirkətləri ilə bağlı əməliyyatlar və s..

Xüsusi indikatorları 3 əsas qrupa bölmək olar: 1) əməliyyat tərəflərinin, o cümlədən müştərilərin (nümayəndələrinin, fayda sahiblərinin[4]), habelə köçürmə əməliyyatlarında emitentlərin və ya benefisiarların[5] qeyri-adi xüsusiyyətləri; 2) əməliyyat tərəflərinin, o cümlədən müştərilərin (nümayəndələrinin), habelə köçürmə əməliyyatlarında emitentlərin və ya benefisiarların qeyri-adi davranışları; 2) birbaşa əməliyyat(lar)ın  və əməliyyat sxemlərinin qeyri-adi xüsusiyyətləri.

Birinci qrupdakı indikatorlar əməliyyat tərəflərinin, əsasən də müştərilərin (köçürmə əməliyyatlarında isə həmçinin emitentin və/və ya benefisiarın) profilləri və dolayı ilə onların risk dərəcələri ilə əlaqədardır. Bu qrupa misal üçün, müştərilər (nümayəndələri, fayda sahibləri), habelə köçürmə əməliyyatlarında emitentlər və ya benefisiarlar barədə açıq və ya digər mənbələrdə nüfuzu sarsıdan (məsələn, kriminal keçmişi, cinayətdə iştirakları barədə ittihamlar və s. barədə) məlumatların olması, onların siyasi xadim, əməkdaşlıq etməyən ölkənin vətəndaşı və ya həmin ölkədə qeydiyyatdan keçmiş şirkətin, trastın və ya şel şirkətinin olması kimi əlamətlər daxildir.

Hər hansı hüquqi şəxs olan müştərinin şel olub olmamasını müəyyən edən bəzi əlamətlər aşağıdakı ola bilər:

  • Yeni yaradılsa da iri məbləğdə əməliyyat(lar)ı aparır;
  • Yalnız 1 dəfə iri məbləğdə əməliyyatı aparır;
  • İri məbləğdə əməliyyatı aparsa da ştat sayı və şəbəkə genişliyi çox məhduddur;
  • İri məbləğdə əməliyyatları nağd vəsaitləri ilə aparır;
  • Yüksək riskli ölkələrdə qeydiyyatdan keçmişdir;
  • Ünvanı şirkətin yerləşdiyi yer deyil, poçt qutusu göstərilir;
  • Qeydiyyat ünvanında digər hüquqi şəxslərin də qeydiyyatdan keçməsi məlum olur;
  • Eyni nümayəndəsi olan bir neçə şirkət tərəfindən əməliyyatlar aparılır.

 

Müştəri (nümayəndələri, fayda sahibləri), habelə köçürmə əməliyyatlarında emitentlər və ya benefisiarlar nə qədər çox yüksək riskli olsa, bir o qədər də onlar tərəfindən aparılan qeyri-adi əməliyyat(lar) daha çox qeyri-adi görünür (lakin bu o mənaya gəlmir ki, bu cür müştəri tərəfindən aparılan bütün əməliyyatlar qeyri-adidir). Bir qayda olaraq, təsdiqlənmiş yalnız bu qrupda olan indikatorlar əsasında müştərinin apardığı əməliyyatı şübhəli hesab etmək doğru olmaz (misal üçün, siyasi xadimin əmək haqqının alınması, cinayət keçmişi olan şəxs tərəfindən biznesi ilə bağlı köçürmələr, terrorçu hesab olunan şəxsin övladı tərəfindən təqaüdün alınması və s.). Həmin müştərilərin əməliyyatlarında digər qeyri-adi əlamətlərin (indikatorların) axtarışı aparılmalıdır. Lakin bəzi hallarda qeyri-adi müştəri tərəfindən aparılan hər hansı əməliyyat yalnız həmin müştəri tərəfindən aparıldığına görə araşdırma və təhlil aparılandan sonra şübhəli hesab oluna bilər (misal üçün, axtarışda olan şəxs tərəfindən hər hansı əməliyyatın aparılması, cinayətin törədildiyini etiraf edən şəxs tərəfindən hər hansı əməliyyatın aparılması və s.)

İkinci qrupdakı indikatorlar müştərilərin (nümayəndələrinin), habelə köçürmə əməliyyatlarında emitentlərin və ya benefisiarların qeyri-adi davranışları ilə bağlıdır. Buna misal olaraq, müştərinin (nümayəndələrinin) həddindən artıq aqressiv olması, rüşvətin təklif etməsi, əlavə məlumatların təqdim edilməsindən əsassız imtina etməsi, sənədlərin yalnız surətlərinin təqdim etməsi, emitentlər və ya benefisiarlar tərəfindən köçürmə əməliyyat(lar)ına dair qeyri-adekvat izahatların verilməsi və digər qeyri-adi davranışları aiddir. Bəzi istisnalardan başqa (misal üçün, saxta sənədlərin təqdim edilməsi, yalan məlumatların verilməsi və s.) yalnız qeyri-adi davranışı olan müştərilərin də bütün əməliyyatları araşdırma və təhlil aparılandan sonra şübhəli hesab oluna bilməz. Lakin, birinci qrupdakı indikatorlardan fərqli olaraq bu cür bir neçə əlamət əsasında istənilən əməliyyat da araşdırma və təhlil aparılandan sonra şübhəli hesab oluna bilər (misal üçün, müştəri tərəfindən əməliyyatçıya həm təzyiq göstərməsi, həm rüşvətin təklif etməsi, həm də yalan məlumatların verilməsi özü özlüyündə həmin müştəri tərəfindən aparılacaq hər hansı əməliyyatını şübhəli hesab etməyə vadar edəcəkdir.) İkinci qrupdakı indikatorlara uyğun olan əməliyyatların araşdırılması və təhlil edilməsinə başlamaq üçün trianqulyasiya prinsipinə[6] söykənmək olar. Bu prinsipə əsasən hər hansı obyektin dayanaqlı vəziyyətdə qalması üçün onun minimum 3 dayağı olmalıdır. Belə ki, bu qrupdakı 3 və 3-dən  artıq indikatora uyğun olan əməliyyatın araşdırması və təhlili başlanıla bilər, nəticədə isə yalnız bu cür indikatorlar əsasında həmin əməliyyat şübhəli hesab oluna bilər.

Üçüncü qrupdakı indikatorlar birbaşa əməliyyat və əməliyyat sxemləri ilə əlaqədardır. Buradakı indikatorlar qeyri-adi əməliyyatları şübhəli hesab etmək üçün ən etibarlı əlamətləri əhatə edir.

Əməliyyatın növündən (depozit, kredit, köçürmə, sığorta, daşınmaz əmlakın alqı-satqısı və s.) asılı olaraq, bu qrupa, misal olaraq, 20`000 AZN məbləğindən bir qədər aşağı məbləğdə müntəzəm olaraq nağd vəsaitlərin maliyyə sisteminə daxil edilməsi, iqtisadi baxımından ağlabatan sayılmayan əməliyyatların ofşor ölkələrlə bağlı aparılması, daşınmaz əmlakla əməliyyat üçün ödənişin üçüncü şəxs tərəfindən edilməsi, iri nağd əməliyyatlar, bir şəxs tərəfindən bir neçə şəxsə köçürmələr, bir neçə şəxsdən bir şəxsə köçürmələr, təyinatı  ziddiyyətli (və ya qeyri-adi) olan və digər qeyri-adi əməliyyatlar aid edilə bilər.

Bu cür indikatorların sayı çox olsa da, onları aşağıdakı ümumi qruplara bölmək olar:

  • əməliyyatların yayılmış (normal və ya qanuni) işgüzar praktikasına və ya işgüzar münasibətlərinə uyğun olmaması (misal üçün, sahibkarın iri məbləğdə əməliyyatların şəxsi hesabları vasitəsi ilə aparılması, şirkətlər tərəfindən iri məbləğdə əməliyyatların nağd aparılması və s.);
  • əməliyyatların qeyri-tipik olması (misal üçün, təyinatın və ya müqavilə predmetinin qeyri-aydın (məsələn, “hər cür xidmətin göstərilməsi”) və ya qeyri-adi (məsələn, “adı olan yoxsa adı olmayan inəklərin daha çox süd verdiyinə dair araşdırma[7]) olması);
  • əməliyyatların mürəkkəb və ya dolaşıq olması (misal üçün, hesabına köçürülən vəsaitlərin digər şəxsin hesabına ötürülməsi);
  • əməliyyatların ağlabatan iqtisadi mahiyyətinin olmaması (irrasional olması) (misal üçün, müqavilənin bağlandığı ölkənin şirkətinə deyil, digər ölkənin şirkətinə vəsaitlərin ödənilməsi);
  • əməliyyatların mövcud şəraitə və ya müştərinin profilinə qeyri-mütənasib şəkildə iri məbləğdə və ya yüksək tezlikdə aparılması (misal üçün, sahibkar olmayan təqaüdçü tərəfindən iri məbləğdə əməliyyatların aparılması).

 

Xüsusilə vurğulanmalıdır ki, üçüncü qrupdakı indikatorlar birinci və ikinci qrupdakı indikatorlara uyğun olan əlamətlər kontekstində nəzərə alınır. Misal üçün, 1`000 ABŞ dollarının ofşor ölkəyə köçürülməsi öz-özlüyündə qeyri-adidir, lakin bu köçürməni şübhəli hesab etmək üçün onu həyata keçirən şəxsin xüsusiyyətlərinə (profilinə, risk dərəcəsinə) və onun davranışlarına da nəzər yetirmək lazım olacaqdır. Bu cür köçürməni həyata keçirən ofşor ölkədə turist kimi istirahət etməyi planlaşdıran və ya həmin ölkədə yaxın qohumu yaşayan şəxsdirsə yalnız bu faktlara əsasən bu köçürmə şübhəli hesab oluna bilməz. Köçürməni həyata keçirən axtarışda olan və ya gəliri çox aşağı olan şəxsdirsə bu köçürmənin qeyri-adiliyi daha artırılmış olacaqdır.

Əməliyyatların qeyri-adiliyini göstərən əlamətlərin aşkar edilməsi əməliyyatın şübhəli olduğundan xəbər vermir. Bu cür əməliyyatları şübhəli hesab etmək üçün araşdırma və təhlil aparılır.

III.           Araşdırma və təhlil

Qeyri-adi əməliyyatların aşkarlanması prosedurlarında olduğu kimi, onların şübhəli olub olmamasını təsdiqləmək üçün aparılan araşdırma və təhlil prosedurları bankın daxili nəzarət qaydaları ilə tam və təfərrüatlı şəkildə əhatə olunur.

  • Araşdırma

Araşdırma dedikdə, aşkar olunmuş qeyri-adi əlamətlərin (o cümlədən ilkin fərziyyələrin) mövcudluğunu təsdiqləmək, habelə digər məlumatları və digər qeyri-adi əlamətləri müəyyən etmək məqsədilə müxtəlif mənbələrdən əlavə məlumatların əldə edilməsi prosesi başa düşüldüyü halda, təhlil dedikdə, həyata keçirilmiş və ya keçirilməsi gözlənilən əməliyyatlarda və əməliyyat sxemlərində cinayət əlamətlərini müəyyən etmək məqsədilə araşdırılmış məlumatların qiymətləndirilməsi, qruplaşdırılması, üzləşdirilməsi, sonda isə məntiqi nəticələrin çıxarılması üzrə kompleks tədbirlər başa düşülür. Əməliyyatın şübhəli olub olmamasına dair qərar məhz təhlilin nəticələri əsasında verilir.

Araşdırmanın texnikası (üsulu) məlumatlar götürüləcək mənbənin xarakterindən asılıdır. Misal üçün, məlumatların mənbəyi internetdirsə, effektiv araşdırma internetdə axtarış aparılmasının bacarıq və səriştəsindən asılı olacaqdır,[8] mənbə müştərinin özüdürsə, effektiv araşdırma müştəri ilə müvafiq ünsiyyət yarada biləcək bank əməkdaşının psixoloji hazırlığından[9] asılı olacaqdır.

Təsnifatlaşdırmaya görə, məlumat mənbələri açıq və qapalı (məxfi), daxili (təşkilat-daxili) və xarici (təşkilatdan kənar), şifahi, yazılı və elektron ola bilər. Bank daxilində PY/TMM məqsədilə aparılan araşdırma üçün istifadə olunan məlumat mənbələrinə nümunə olaraq aşağıdakılar aid edilə bilər:

  • müştəri (nümayəndə) tərəfindən təqdim edilən sənədlər;
  • müştərinin və əməliyyatla bağlı olan digər şəxslərin ifadələri;
  • bankın məlumat bazaları;
  • bankın arxivi;
  • “Thomson Reuters” şirkətinin “World-Check”, “Dow Jones” şirkətinin “Factiva” kimi elektron-axtarış bazaları;
  • kütləvi informasiya vasitələri, o cümlədən internet: xəbər saytları, müxtəlif axtarış sistemləri, şəxslərin saytları, bloqları, sosial şəbəkə səhifələri və s.;
  • dövlət qurumlarının məlumat bazaları, o cümlədən çıxışı internet vasitəsilə olan məlumat bazaları;
  • dövlət qurumları tərəfindən verilmiş məlumat və sorğular;
  • müxbir əlaqədə olan və bankın digər tərəfdaşları tərəfindən verilmiş məlumat və sorğular;
  • beynəlxalq qurumların məlumat və sorğuları;
  • bank əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar şəxsi araşdırmaları, müşahidələri və vəzifələrinin icrası nəticəsində əldə edilmiş məlumatlar.

 

Əməliyyatın mahiyyətinə (təyinatına) dair ən təfərrüatlı məlumatlar (bu məlumatlar tam etibarlı olmasa da) müştərinin özündən əldə oluna bilər. Müştəri məlumatın verilməsindən imtina edirsə və ya ziddiyyətli məlumatı təqdim edirsə, müştəriyə yazılı müraciət edib ondan yazılı izahatın alınması istənilə bilər. Müştəri tərəfindən əməliyyatın təyinatına dair ətraflı məlumat verilmədikdə və ya verilən məlumatlar qeyri-real, ziddiyyətli və ya yoxlanılması üçün çətin (mümkün olmayan, çox resursu tələb edən və ya çox məsrəfli) olduqda aparılmış əməliyyatın qeyri-adiliyi çoxaltmış olacaqdır.

Araşdırma zamanı axtarış yalnız müəyyən məlumatların təsdilənməsi və ya müəyyən edilməsi məqsədilə aparıldığına görə yuxarıda sadalanmış bütün mənbələrində aparılmaya da bilər (effektiv araşdırma məqsədilə, aparılması heç tələb də olunmur). Digər sözlərlə, xüsusi indikatorlardan (ilkin fərziyyələrdən) asılı olaraq araşdırma zamanı bütün deyil, yalnız spesifik məlumat axtarılır. Misal üçün, müştərinin öz iş yeri barədə ətraflı məlumat verə bilməməsi, onun həmin işdə çalışdığına dair şübhələri yaradır; bu halda həmin şəxsin həqiqətən də bu işdə çalışdığına dair araşdırma ilə məhdudlaşdırılması bank resurslarını (zəhməti, vaxtı və s.) qənaət edib saxlayacaqdır.

Araşdırma zamanı aşağıdakı əlavə məlumatlar əldə oluna bilər:

  • Hər hansı ölkənin, xüsusilə də vətəndaş (qeydiyyat olduğu) ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub-olmaması;
  • Keçmişdə və ya hazırda cinayət və ya hər hansı digər məsuliyyətə cəlb olunub-olunmaması;
  • Keçmişdə və ya hazırda hər hansı dövlətin siyasi xadimi olub-olmaması;
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda vergi orqanlarında qeydiyyatdan keçib-keçməməsi, aylıq dövriyyəsinə uyğun olan vergi bəyannamələrinin verib-verməməsi (rezidentlərə dair məlumatın alınması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin saytının xidmətlərindən istifadə oluna və yaxud həmin orqana sorğu göndərilə bilər.);
  • Lisenziyalaşdırılmış fəaliyyət ilə məşğul olduqda lisenziyanın etibarlı və həqiqi olub-olmaması (rezidentlərə dair məlumatın alınması üçün müvafiq dövlət orqanlarına sorğu göndərilə bilər.);
  • Gəlir və sərvət mənbələri;
  • Nüfuzu sarsıdan məlumatlar;
  • Nümayəndələri;
  • Fəaliyyət sahəsi (iş yeri);
  • Təsis etdiyi hüquqi şəxslər.

o cümlədən, fiziki şəxslərə münasibətdə:

  • İş yeri;
  • Qohumluq, iş, tanışlıq, dostluq və ya digər növ əlaqəsi olan digər şəxslər;
  • Sahibkarlıqla məşğul olan şəxslərin dövriyyəsi.

o cümlədən, hüquqi şəxslərə münasibətdə:

  • Qeydiyyat yeri;
  • Şəbəkə miqyası;
  • Dövriyyəsi;
  • Ştat sayı;
  • Rəhbərləri;
  • Sahibləri (təsisçiləri, səhmdarları, payçıları və onların payları).

 

Araşdırma nəticəsində əldə olunmuş yeni məlumatların həqiqiliyini təsdiqləmək və ya onlarla bağlı digər faktları müəyyən etmək məqsədilə yeni araşdırma aparılır (misal üçün, araşdırılan “A” şəxsin “B” şəxs ilə sıx əlaqədə olduğu müəyyən edildikdə, “B” şəxs ilə bağlı da müvafiq araşdırma aparıla bilər).

  • Təhlil

Axtarış nəticələrindən asılı olmadan araşdırma prosesinin sonunda əldə olunmuş bütün məlumatlar müxtəlif matrisalar və prizmalar çərçivəsində qiymətləndirilir və bir-biri ilə tutuşdurulur, əməliyyatların sayı çox olduqda onların bütün zəruri elementləri üzrə məcmu (“pivot”) cədvəllər[10] tərtib olunur, vizual olaraq sxemləşdirilir, məntiqin deduktiv və induktiv metodlarından[11] istifadə etməklə əməliyyatların mahiyyətinə, əməliyyat tərəflərinin profillərinə, əlaqələrinə, digər məlumatlara və məlumatların etibarlığına dair nəticələr (fərziyyələr) çıxarılır (məntiqi mülahizələr irəli sürülür). Bu baxımdan, təhlil aparan şəxslərin müqayisəli, tənqidi və hətta yaradıcı düşüncə tərzlərinə (təfəkkürə) malik olması olduqca əhəmiyyətlidir.[12] Bu prosesdə ya əvvəlki fərziyyələr təsdiqlənir və / və ya yeni fərziyyələr yaranır; yeni yaranmış fərziyyələrin də təsdiqlənməsi məqsədilə yeni araşdırmanın aparılmasına zərurət yarana bilər. Bu halda yeni araşdırma aparılır və sonra təhlil prosesi yenidən davam etdirilir.

Adından göründüyü kimi, fərziyyələr təsdiqlənmiş fakt və ya sübutlar deyildir, onların doğruluğu (etibarlığı) faiz nisbətində ölçülə bilər. Bu cür ölçmə ayrıca təsdiq olunmuş bir metodologiya və yaxud fərziyyələri qiymətləndirən şəxslərin (əməkdaşların) şəxsi qənaətləri (dünyagörüşləri) əsasında aparıla bilər. Hər hansı əməliyyatda istifadə olunan vəsaitlərin cinayət nəticəsində əldə olunduğuna dair fərziyyələrin etibarlıq dərəcəsi (şübhələrin faizi) kifayət qədər yüksəkdirsə (bunun meyarını isə hər bir bank özü müəyyən edə bilər), həmin əməliyyatı şübhəli hesab etmək mümkün olacaqdır.

Fərziyyələrin sayı və etibarlıq dərəcələri, əsasını təşkil edən məlumatların etibarlıq (həqiqilik) dərəcələrindən və onların sayından asılıdır. [13] Məlumatların etibarlıq dərəcələri isə, misal olaraq, aşağıdakı meyarlar ilə ölçülə bilər:

Dərəcələr Meyarlar
1 Təsdiqlənmiş Digər mənbələrlə təsdiqlənir; öz-özlüyündə məntiqli, eyni mövzuda olan digər məlumatlara uyğundur
2 Çox güman ki, həqiqidir Digər mənbələrlə təsdiqlənmir; öz-özlüyündə məntiqli, eyni mövzuda olan digər məlumatlara uyğundur
3 Ehtimal var ki, həqiqidir Digər mənbələrlə təsdiqlənmir; ağlabatandır, eyni mövzuda olan digər məlumatlara qismi uyğundur
4 Çox güman ki, həqiqi deyil Digər mənbələrlə təsdiqlənmir; məntiqsiz deyildir, inandırıcı olmasa da mümkündür
5 Həqiqətə uyğun deyil Əksi təsdiqlənir; öz-özlüyündə məntiqsizdir, eyni mövzuda olan digər məlumatlara ziddir
6 Demək çətindir Qərar vermək üçün əlavə məlumatlar yoxdur

 

Əməliyyatda istifadə olunan vəsaitlərin cinayət nəticəsində əldə olunduğuna dair fərziyyələrin etibarlıq dərəcəsi (şübhələrin faizi) kifayət qədər yüksək deyilsə, lakin bu cür fərziyyələr (şübhələr) hələ də qalırsa, əməliyyat tərəfləri yüksək riskli müştərilər kateqoriyasına əlavə edilir, həmin şəxslərlə bağlı növbəti əməliyyatlara münasibətdə əlavə eyniləşdirmə tədbirləri tətbiq olunur, onlar nəzarət altında saxlanılır, qeyri-adi əlamətləri aşkar olunduqda isə yenidən araşdırma və təhlil prosedurları aparılır.

  • Şübhəliliyə dair qərarın verilməsi proseduru

Əməliyyatın şübhəli olub-olmamasına dair qərarın verilməsi proseduru və qaydaları bankdan banka fərqlənə bilər. Ümumilikdə bu proses müştəri ilə birbaşa ünsiyyətdə olan əməliyyatçı (kredit mütəxəssisi) tərəfindən və yaxud komplayens əməkdaşı (komplayens struktur bölməsi) tərəfindən başlana bilər. Bir qayda olaraq, 1 və 2-ci qrupdakı xüsusi indikatorlar əsasında proses əməliyyatçılar (kredit mütəxəssisləri), 3-cü qrupdakı xüsusi indikatorlar əsasında isə proses komplayens əməkdaşları tərəfindən başlanır. Belə ki, bankın əməkdaşı hər hansı əməliyyat və ya əməliyyat sxemində qeyri-adiliyi görən kimi öz səlahiyyətləri daxilində bu məlumatı yoxlayır, araşdırma və ilkin təhlilini aparır, nəticələrini isə komplayens əməkdaşına (komplayens struktur bölməsinə) ya birbaşa ya da yuxarı vəzifədəki əməkdaşın (baş əməliyyatçının, şöbə, departament, filial rəhbərinin) təsdiqindən sonra dolayı göndərir. Daxili qaydalara əsasən, əməliyyatın qeyri-adiliyinin təsdiqlənməsi yuxarı vəzifədəki əməkdaş tərəfindən tələb olunduqda, həmin əməkdaş da öz səlahiyyət və imkanları daxilində bu məlumatları yoxlayır və təsdiqləyib-təsdiqlənməməsinə dair qərar verir.

Beləliklə, komplayens əməkdaşı (komplayens struktur bölməsi) tərəfindən araşdırma və təhlil 2 əsas mənbədən təkan alır: 1) bankın digər əməkdaşları tərəfindən təqdim olunan məlumatlar; 2) bankın daxili qaydalarında qabaqcadan müəyyən edilmiş meyarlar əsasında özü (komplayens struktur bölməsi) tərəfindən bankın məlumat bazasında gündəlik aşkarlanan qeyri-adi əməliyyatlara dair məlumatlar. Əgər 1-ci mənbədən təkan alan araşdırma və təhlil kortəbii olaraq ani aparılmış qeyri-adi əməliyyatdan və onun barədə məlumatın bankın əməliyyatçıları (kredit mütəxəssisləri) tərəfindən məlumatın verilməsindən asılıdırsa, 2-ci mənbədən təkan alan araşdırma və təhlil komplayens əməkdaşı (komplayens struktur bölməsi) tərəfindən dövri (misal üçün, gündəlik, aylıq, rüblük) aparılır. 2-ci mənbədə nəzərdə tutulmuş meyarlara uyğun əməliyyatlara misal üçün, gün ərzində ən iri əməliyyatları aparmış müştərilərin əməliyyatları, yüksək riskli müştərilərin bütün əməliyyatları, bir şəxsdən bir neçə şəxsə köçürmələr (və əksinə) və s. aid edilə bilər.

Bank daxilində bir əməkdaşdan (struktur bölməsindən) digər əməkdaşa (struktur bölməsinə) bu cür məlumatların (o cümlədən, şübhələrin, təhlil və araşdırma nəticələrinin) ötürülməsi zamanı, daxili qaydalarda nəzərdə tutulmuş şəxslər istisna olmaqla bankın digər əməkdaşlarının və ya hər hansı üçüncü şəxslərin bu məlumatlardan xəbəri olmamalıdır.

Komplayens əməkdaşı (komplayens struktur bölməsi) tərəfindən yuxarıda qeyd olunmuş şəkildə araşdırma və təhlil aparıldıqdan sonra qeyri-adi əməliyyatın (və ya qeyri-adi əməliyyat sxeminin) şübhəli olub-olmamasına dair qərar qəbul edilir.

Daxili qaydalara əsasən bu cür qərar fərdi (misal üçün komplayens əməkdaşı, müvafiq struktur bölməsinin rəhbəri, İdarə Heyətinin və ya Müşahidə Şurasının rəhbəri tərəfindən), kollegial (misal üçün, komplayens və ya müvafiq struktur bölməsinin bütün əməkdaşları, İdarə Heyəti və ya Müşahidə Şurasının üzvləri tərəfindən) və ya əməliyyatın xarakterindən (müştəri profilindən, əməliyyat məbləğindən və s.) asılı olaraq bəzi hallarda fərdi bəzi hallarda isə kollegial formada qəbul edilə bilər.

Fərdi formada qərarı qəbul edəcək əməkdaş qərarı, təhlil və araşdırma nəticələrini qiymətləndirəndən sonra ya ayrıca təsdiq olunmuş bir metodologiya (misal üçün, triangulyasiya prinsipinə əsasən) və yaxud subyektiv mülahizələri əsasında qəbul edə bilər. Bununla yanaşı həmin şəxsin, məsələnin kollegial formada müzakirəsinə çıxartmaq imkanı (hüququ) da nəzərdə tutula bilər.

Kollegial formada qərar isə, bir qayda olaraq, səs vermə nəticəsində qəbul edilir. Səs vermə sadə səs çoxluğu, konsensus və ya hər hansı digər formada keçirilə bilər. Səs çoxluğu ilə qərarların qəbul olunduğu səsvermədə səslərin sayı bərabər olduqda komplayens əməkdaşı üstünlük səsinə malik ola bilər. Səs vermədə iştirak edən əməkdaşların gətirdiyi əsasları, gəldiyi nəticələri və son qərarları aydın görmək üçün səs vermənin açıq keçirilməsi məqsədəuyğundur. Qərarın qəbul olunmasına dair kollegial formada keçirilən bütün müzakirələrin nəticələri protokollaşdırılır (o cümlədən, səsi əsaslandıran bütün fikirlər qeydə alınır). Tərtib olunmuş protokollar və bütün digər aidiyyəti sənədlər məxfi hesab olunur və təhlükəsizlik sistemi ilə ciddi qorunub saxlanılır.

 

Ədəbiyyat və qeydlər siyahısı


[1]
Pulların yuyulması metodlarına dair daha ətraflı bax: Zaur Hacılı, Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə, “Abşeron” nəşri, 2010, s.15-31 

[2] Misal üçün bax: Asian Pacific Group, Trade Based Money Laundering Typologies, 20.07.2012; FATF, Money Laundering and Terrorist Financing Vulnerabilities of Legal Professionals, iyun 2013. Daha ətraflı məlumatları FATF-ın və FATF-tipli regional qurumların internet səhifələrindən əldə etmək olar.

[3] AR Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Pul vəsaitlərinin və ya Digər Əmlakın Cinayət Yolu ilə Əldə Edilməsi və ya Terrorçuluğun Maliyyələşdirilməsi ilə bağlı olmasına Şübhə və ya belə Şübhə üçün Kifayət qədər Əsaslar Yaradan Halların Aşkarlanması Meyarları (Xüsusi İndikatorlar), 30.12.2011

[4] Bu məqalənin məqsədləri üçün “fayda sahibi” dedikdə, müştərini idarə edən, hüquqi şəxs olan müştəriyə sahib olan və ya müştərinin vəsaitlərinə sahib olan fiziki şəxs başa düşülür. Bura, o cümlədən, hüquqi şəxs olan müştərilərin rəhbərləri və sahibləri daxildir. İngilizcə “beneficial owner” adı ilə tanınan bu anlayış qanunvericiliyimizdə “benefisiar” kimi qələmə verilmişdir (Bax. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqnda” AR Qanunu, m.1.0.12). Bu anlayışı, bank təcrübəsi əsasında, köçürmə əməliyyatlarında pul vəsaitlərini alan şəxsə verilən “benefisiar” (ingilizcə “beneficiary”) adı ilə qarışdırmamaq lazımdır.

[5] Bu məqalənin məqsədləri üçün “benefisiar” dedikdə, köçürmə əməliyyatlarında pul vəsaitləri alan şəxs başa düşülür.

[6] Trianqulyasiya prinsipi və metodlarına dair daha ətraflı bax: www.qualres.org/HomeTria-3692.html, 09.07.2015; www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1089059/?tool=pubmed, 09.07.2015

[7] Tarixdə bu cür predmetə dair araşdırma aparıldığına görə 2009-cu ildə hətta zNobel (zarafat Nobel) mükafatı verilmişdir (www.newscientist.com/article/dn17899-best-of-the-ig-nobel-prizes-2009.html#.VZ4H5qnicbc)

[8] İnternetdə axtarış texnikasına dair daha ətraflı bax: www.gijn.org/2015/05/05/online-research-tools-and-investigation-techniques/; www.youtube.com/watch?v=HcwASJCk16k

[9] Ünsiyyət üzrə texnikaya dair daha ətraflı bax: И. И. Аминов, Психология делового общения, 2011; Robert M. Krauss, The Psychology of Verbal Communication, 2002; Pearn Kandola, The Psychology of Effective Business Communications in Geographically Dispersed Teams, 2006

[10] Məcmu (pivot) cədvəllərlə iş prinsiplərinə dair daha ətraflı bax:  Bill Jelen, Michael Alexander, Excel 2013 Pivot Table Data Crunching, 2013

[11] Deduktiv və induktiv metodlarına dair daha ətraflı bax: Георгий Челпанов, Учебник логики, 2010; Irving M. Copi Late, Carl Cohen, Kenneth McMahon, Introduction to Logic (14th Edition), 2010

[12] Tənqidi, analitik və yaradıcı düşüncə tərzlərinə dair daha ətraflı bax: Linda Elder, Richard Paul, Analytic Thinking, Foundation for Critical Thinking, 2010; Ned Herrmann Group, The Creative Brain, 1991; Linda Elder, Richard Paul, The Miniature Gude to Critical Thinking Concepts and Tools, Foundation for Critical Thinking, 2014

[13] Məlumatların həqiqilik və digər dərəcələrinə dair daha ətraflı bax: Yang W. Leea , Diane M. Strong, Beverly K. Kahnc , Richard Y. Wang, AIMQ: a methodology for information quality assessment, 2002

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır