“Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət” üzrə Beynəlxalq Konfrans keçirilib

Fevralın 8-10 tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə “Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət” üzrə Beynəlxalq Konfrans keçirilib.

BBN.az xəbər verir ki, 2000 nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev iştirak edib.

Üç gün davam edən konfransın ilk günündə “NUCTECH MMC” şirkətinin təşkilatçılığı ilə təqdimat və sərgi keçirilib. Sərgi çərçivəsində DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “NUCTECH MMC” şirkətinin rəhbərliyi ilə görüşüb və şirkətin istehsal etdiyi yeni və müasir texnoloji avadanlıqlara baxış keçirib. 

Fevralın 9-da “Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət” üzrə Beynəlxalq Konfransın açılış mərasimi olub. Rəsmi açılışda Çin Xalq Respublikasının Baş nazirinin müavini Ni Yuefeng, ÇXR-nın Gömrük İdarəsinin rəisi Yu Guangzhou, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və “Alibaba” Şirkətlər Qrupunun rəhbəri Jack Ma çıxış ediblər.

Konfrans sonra işini bölmələrdə davam etdirib. “Qiymətləndirmə və Təhlil: Böyük Verilənlərdən (Big Data) necə istifadə etmək olar?” adlı bölmədə DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Azərbaycanda gömrük sahəsində qərarların qəbul edilməsində Böyük Verilənlərin (Big Data) təhlili” üzrə təqdimatla çıxış edib və sonra dəyirmi masada bu istiqamət üzrə müzakirələr aparılıb. Fevralın 10-da “Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət” üzrə Beynəlxalq Konfrans öz işini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır