Çin iş adamları üçün Azərbaycandakı mövcud özəlləşdirmə layihələrinə dair təqdimat həyata keçirilib

Pekində Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Biznes-forumda sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak edib.

Forum çərçivəsində özəlləşdirilmə prosesindən də bəhs edilib.

Xarici investorların özəlləşdirilmə prosesinə cəlb olunması üçün yeni layihələr reallaşdırılır. Bir çox sahələrin modernləşdirilməsi və müasir idarəetmə standartlarının, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində danışıqlar aparılır. Çinin, Fransanın, İngiltərənin, Hollandiyanın, Rusiyanın, Türkiyənin və digər ölkələrin xarici investorları özəlləşmə prosesində iştirak edirlər.

 

Daha sonra özəlləşməyə çıxarılan səhiyyə, turizm, dağ mədən və digər sahələrə aid olan müəssisələr barəsində məlumat verilib. Belə müəssisələrdən biri 270 milyon tondan artıq dəmir filizi ehtiyatlarına malik olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilmişdir. Müəssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır