Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə məlumat açıqlanıb

2018-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olub və onların 28,8 %-ni qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,5 %-i inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76 %-i 4-7-ci təsnifatları üzrə və 19,5 %-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 6,9 %-i 1 ilə qədər, 26,1 %-i 1 ildən 5 ilə qədər, 22,2 %-i 5 ildən 10 ilə qədər, 17,3 %-i 10 ildən 15 ilə qədər, 27,5 %-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5 %, 30-34 yaşda 15,7 %, 35-44 yaşda 23 %, 45-54 yaşda 21,9 %, 55-62 yaşda 18,3 %, 63-64 yaşda 2,3 %, 65 və yuxarı yaşda 1,3 %.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 %-ni yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7 %-ni şöbə müdirləri, 11,3 %-ni şöbə müdirinin müavinləri, 8,2 %-ni sektor müdirləri, 25,9 %-ni baş məsləhətçilər, 5,3 %-ni böyük məsləhətçilər, 13 %-ni aparıcı məsləhətçilər və 20,5 %-ni məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,1 faiz komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır