Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib.

BBN.az xəbər verir ki, iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, eləcə də “Azexport” portalının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, “VialonServis” və “ALbuket.az” saytının nümayəndələri iştirak edib.

Toplantıda  Forumda iştirak üçün 300-dən artıq yerli və beynəlxalq iştirakçının qeydiyyatdan keçdiyi, habelə, Forum çərçivəsində bir sıra maraqlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

Daha sonra Təşkilat Komitəsinin üzvü, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov görülmüş işlər, Forumun proqramı, iştirak edəcək xarici qonaqlar, spikerlər, tərəfdaşlar və iştirakçılar barədə geniş məlumat verib.

O, beynəlxalq inkişaf agentliklərinin, özəl sektorun və rəqəmsal platformaların qabaqcıl nümayəndələrini bir araya gətirəcək Forum çərçivəsində təşkil olunacaq tədbirlər sırasında tanınmış beynəlxalq ekspertlər tərəfindən E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə xüsusi sessiyanın (master klas) təşkil olunacağını bildirib.

“Fairmont Bakı” otelində keçiriləcək Bakı E-ticarət Forumu çərçivəsində e-ticarət, onlayn ödəniş platformaları, e-ticarət həlləri üzrə ixtisaslaşan şirkət və qurumlar öz məhsullarını nümayiş etdirəcəklər. Sərgi Forum iştirakçılarına müxtəlif yeniliklərlə tanış olmaq və yeni işgüzar əlaqələr qurmaq imkanı verəcək.

İclas çərçivəsində daha sonra Təşkilat Komitəsinin üzvlərinin sual və təklifləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır