EVHF-nı nə zaman ləğv etmək olar?

Elektron vergi hesab-fakturanı (EVHF) nə zaman ləğv etmək olar?

BBN.az-ın məlumatına əsasən, bu suala Vergilər Nazirliyinin rəsmi saytında cavab veriib. Belə ki, elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

Əlavə olaraq o da bildirilir ki, elektron vergi hesab-fakturanın dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasına dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriya və nömrəsi qeyd edildikdən sonra proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildikdən sonra alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Alıcı vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır