“Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib

İyunun 21-də Bakı şəhərində iş adamları ilə “Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib.

BBN.az xəbər verir ki, tədbiri Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə təşkil edib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Gömrük sahəsində islahatların uğurla həyata keçirildiyini və konkret nəticələrin əldə olunduğunu qeyd edən Məmməd Musayev, sahibkarliq subyektlərinin də bu islahatlarin səmərəliliyinin artırılmasına töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki,2016-cı ildən etibarən gömrük orqanlarında islahatların aparılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn müəyyən işlər görülüb. Hazırda idxal-ixrac əməliyyatlarının, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə işlər davam etdirilir. Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığını deyən Komitə sədri, bununla əlaqədar son vaxtlar iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlərin keçirildiyini, sahibkarların rəy və təkliflərinin öyrənildiyini bildirib.

Qeyd edilib ki, istər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır. 

DGK sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin gömrük xidməti qarşısında qoyduğu vacib tapşırıqların ən birincisi sahibkarların yanında olmaq – tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir. “Sahibkarlardan xahişim budur ki, onları narahat edən məqamları rəsmi və qeyri-rəsmi şəkildə bildirsinlər” – deyən Komitə sədri, sahibkarlar və gömrük xidməti arasında işgüzar əməkdaşlığın budan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Gömrük orqanlarının hər zaman sahibkarların yanında olduğunu diqqətə çatdıran Komitə sədri, islahatların sürətlə davam etdiriləcəyini və gömrüklə bağlı bütün porblemlərin qarşılıqlı şəkildə müzakirə edilərək qısa zaman kəsiyində aradan qaldırılacağını söyləyib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkədə həyata keçirilən islahatların mahiyyətindən danışıb və gömrük sistemində bu istiqamətdə, xüsusilə şəffaflığın artırılması məqsədilə atılan addımların həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını, son aylarda gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artmasının da bu çərçivədə görülən məqsədyönlü işlərin uğurlu nəticəsi olduğunu bildirib.

Görüşün sonunda Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır