“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə dekabrın 15-də Hacıqabul rayonunda konfrans keçirilib.

Belə ki, “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
Həmin gün həmçinin, Hacıqabul rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kursu keçirilib.

Qeyd edək ki, tədbirlərdə Hacıqabul rayonunun aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin və 180-ə yaxın ictimaiyyət nümayəndəsi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır