IBM və Yahoo mənfəətlərini açıqlayıb

ABŞ-ın texnologiya şirkətlərindən IBM və Yahoo, 2016-cı ilin ikinci rübü üzrə gəlir və mənfəətlərini açıqlayıblar.

Texnologiya nəhəngi IBM-dən edilən açıqlamada, ilin ikinci rübündə gəlirin, keçən ilin eyni dövrü ilə müqayisədə 2,9% azalma ilə 20,2 milyard dollar olduğu bildirilib.

Şirkətin xalis mənfəəti də keçən ilin eyni dövrü ilə müqayisədə 28,6% azalaraq 2,5 milyard dollara düşüb. Şirkətin bir səhmə düşən mənfəəti keçən ilin ikinci rübündə 3,58 dollar ikən, bu ilin eyni dövründə 2,61 dollara enib.

Şirkətin, gəlir və mənfəətindəki azalmaya baxmayaraq, Nyu York Birjasının bağlanmasının ardından reallaşan məhdud əməliyyatlarda səhmlərinin dəyəri 3%-in üzərində artım qeyd edib.

Açıqlamada fikirlərinə yer verilən İcraçı direktor Ginni Rometty, “İkinci rübdə analitik, təhlükəsizlik, bulud video texnologiyaları və sağlamlıq sahəsindəki xidmətlərimiz sayəsində gəlir əldə etdik. Kvant kompüteri, internet və bulud texnologiyalarında böyümək üçün sərmayə qoymağa davam edəcəyik” ifadələrini istifadə edib.

Şirkət, 2015-in ikinci rübündə 20,8 milyard dollar gəlir əldə etmiş, eyni dövrdəki xalis mənfəəti də 3,5 milyard dollar olmuşdu.

Analitiklər, Yahoonun satıla bilinəcəyi ehtimalına işarə edirlər

İnternet nəhəngi Yahoo-dan edilən açıqlamada ikinci rübdəki cəmi gəlirin, keçən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 1,31 milyard dollar olduğu bildirilib.

Şirkətin, 2015-ci ilin ikinci rübündəki zərəri isə 22 milyon dollardan 2016-ın eyni dövründə 440 milyon dollara çıxıb.

Şirkətin açıqlamasında, ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə şirkətin cəmi reklam sayının 9% artdığı ifadə edilərək, eyni dövrdə hər reklama alınan ödənişin isə 15% düşdüyü qeyd edilib.

Analitiklər, artan zərərlər səbəbilə Yahoo-nun gələcək aylarda satıla biləcəyi ehtimalına işarə edirlər.

Şirkət, 2015-ci ilin ikinci rübündə 1,24 milyard dollar gəlir əldə etmişdi.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır