IMF: Yaxın 5 ildə Azərbaycanda ÜDM-in orta artım tempi 2.6% təşkil edəcək

Azərbaycanda ÜDM-in həcmi 2022-ci ilə qədər tarixi maksimal səviyyə – 2014-cü ilin analoji göstəricisinə çata bilməyəcək.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, 2022-ci ilə qədər Azərbaycan iqtisadiyyatında artım yumşaq templə davam edərək 58.18 mlrd. ABŞ dollarına çatacaq. Lakin bu, ÜDM-in 2014-cü ildəki tarixi rekord səviyyəsi – 75.19 mlrd. dollardan hələ də 22.6% azdır.

IMF-in proqnozlarına görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi 39.21 mlrd. dollar, 2018-ci ildə 42.81 mlrd. dollar, 2019-cu ildə 46.2 mlrd. dollar, 2020-ci ildə 49.81 mlrd. dollar, 2021-ci ildə 53.72 mlrd. dollar, 2022-ci ildə 58.18 mlrd. dollar təşkil edəcək. Yəni yaxın 5 ildə Azərbaycanda ÜDM-in həcmi 48.3% artım göstərəcək.

IMF-in hesabatına əsasən, 2017-ci ildə ÜDM 1% azalacaq. Gələn ildən etibarən isə iqtisadiyyatda artım başlayacaq və 2018-ci ildə real ÜDM 1.3%, 2019-cu ildə 3%, 2020-ci ildə 2.6%, 2021-ci ildə 3%, 2022-ci ildə 3.1% artacaq. Yaxın 5 ildə Azərbaycanda ÜDM-in artım tempi inkişaf etməkdə olan ölkələrin analoji orta artım tempindən geri qalacaq.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır