Hazırda bankların hansı işçilərə tələbi var? – MÜSAHİBƏ

Hazırkı makroiqtisadi vəziyyət əksər sahələrdə olduğu kimi bank sektorunda da kadr siyətində dəyişikliklərə səbəb olmuşdur. Heyətin optimallaşdırılması meylləri və bankların sayındakı azalma əmək bazarına əhəmiyyətli təsir göstərmişdir. Hazırdakı əmək bazarında olan vəziyyəti  şərh etməsi üçün  BBN.az olaraq Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Tədris Strategiyaları, Maliyyə Savadlığı və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun sədri Aynur Süleymanlının məsələyə münasibətini öyrəndik.

Müsahibə ilə aşağıda tanış ola bilərsiniz:

  • Sizcə hazırda bank sektoru üçün əmək bazarındakı vəziyyət necədir? Son dövrdə bankların hansı ixtisas üzrə işçilərə olan tələbi artıb?

Son 2 ilin tendensiyasına diqqət yetirsək, bank sektorunda işçi sayının azaldığını müşahidə etmiş olarıq. Əksər bankların hal-hazırda üstünlük verdiyi optimallaşdırma ona gətirib çıxarır ki, əməkdaşların çoxfunsionallığı aktuallaşır. İşçi tələbatında artıma gəlincə isə, bu, ilk növbədə İT istiqaməti üzrə əməkdaşlara, hüquqşünaslara, risklərin idarə edilməsi və strateji idarəetmə üzrə mütəxəssislərə aiddir.

 

  • Hansı sahədə peşəkar mütəxəssis axtararkən çətinlik çəkirsiniz? Bu problemin aradan qaldırılması üçün nə kimi təklifləriniz olardı?

İndiki dövrdə kompüterləşdirmə biznesin bütün sahələrini, xüsusilə də bank sektorunu əhatə edir. Bizim bazarda yüksək ixtisaslı  İT mütəxəssisləri çox azdır və belə mütəxəssislərin axtarışı böyük çətinliklər yaradır. Bu tip problemlərin aradan qaldırılması məqsədi ilə AccessBank Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrində İT istiqamətində təhsil alan tələbələr üçün “İT kampus” layihəsi yaradıb. Layihənin məqsədi istedadlı tələbələrə Bankda nəzəri biliklərə yanaşı, həm də praktiki vərdişlərini inkişaf etdirmələri üçün 2 aylıq təcrübə keçmək imkanının yaradılmasıdır.

 

  • Mövcud situasiyanı nəzərə alaraq, bank sektorunda çalışan hansı işçilərin ixtisas artırma kurslarına cəlb edilməsini vacib hesab edərdiniz?

Bankların fəaliyyətində yeni istiqamətlər, eyni zamanda mövcud istiqamətlərə yeni tələblər işçi heyətinin ixtisaslandırılması və inkişafına daha diqqətlə yanaşmağı tələb edir. Hal-hazırda risklərin idarəedilməsi, xəzinədarlıq, informasiya təhlükəsizliyi, layihələrin idarəolunması istiqamətlərində əməkdaşların ixtisaslarının artırılması vacib rol oynayır.

 

  • Yerli sektorda da müşahidə edilməyə başlanılan, beynəlxalq təcrübədə isə artıq əhəmiyyətli dərəcədə hiss olunan bir tendensiya var – Bankların “Digiltallaşması”. Belə ki, artıq banklar müəyyən xidmətlərini internet üzərində göstərməyə başlayıb. Bəzi ölkələrdə isə artıq onlayn banklar formalaşıb. Bu tendensiyanın gələcək dövr üçün kadr siyasətində necə bir dəyişikliyi tələb edir?ğ

Bu tendensiya bankların kadr siyasətinə artıq öz təsirini göstərməyə başlayıb. Daha öncə qeyd etdiyim, banklarda aparılan optimallaşdırma prosesinin böyük hissəsi digitallaşdırmaya əsaslanır. Bankların digitallaşdırılması təklif olunan xidmətlərin keyfiyyətinin yüksəlməsinə və xərclərin azaldılmasına imkan yaradır. Bu tendensiya işçi qəbulu, qiymətləndirilməsi və inkişafı nöqteyi-nəzərindən kadr siyasətinin dəyişməsinə də böyük təsir göstərir. Əməkdaşlar arasında funksionallığın paylaşdırılmasına artıq fərqli yanaşma tələb olunur. Eyni zamanda işçilərin klassik əməliyyatlar aparmasından daha çox məsləhət xidməti göstərməsi üçün təlimi və motivasiyası önəm daşıyır.

 

  • Gələcəkdə bank sektorunda çalışmaq istəyən gənclərin hansı istiqamətdə özlərini təkmilləşdirmələrini tövsiyə edərdiniz?

Əgər İnsan öz qarşısında bank sektorunda inkişaf etmək məqsədini qoyubsa, o maliyyə sahəsi ilə maraqlanmalı, bazarı öyrənməli, öz üzərində işləməli və inkişaf etməlidir. Ən əsası odur ki, gənclər maliyyə sektorunda nə üçün işləmək istədiklərini anlamalıdırlar və onların qarşıya qoyulan məqsədlərə çatmaq üçün yüksək motivasiyaları olmalıdır.

 

  • Ümumilikdə, “Tədris strategiyaları və İnsan Resursları üzrə” Ekspert Qrupu bank sektorunda heyətin idarə edilməsi istiqamətində hansı tədbirlərin görülməsini planlaşdırır?

Tədris strategiyaları və İnsan Resursları üzrəEkspert Qrupunun  mütəmadi olaraq görüşləri keçirib Bank sektorunda insan resurslarının idarə edilməsində olan yeni tendensiyaları müzakirə etməsi planlaşdırılır. Bununla yanaşı, yaranan çətinliklərin həllində ekspert qrupunun üzvlərinin faydalı təcrübəsindən  istifadə olunması təmin ediləcək.

Maliyyə-bank sisteminə aid maarifləndirici yazıları oxumaq üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır