İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iyulun 22-də İqtisadiyyat naziri Şahin Mustafayev Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda  vətəndaşların müraciəti nazir Şahin Mustafayev tərəfindən dinlənilib, bir sıra məsələlərin həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib, bu müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı qeyd edilib.
Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sahələrin inkişafı, müasir heyvandarlıq kompleksinin yaradılması, əkinçilikdə istifadə olunması üçün müasir aqreqat və texnologiyaların gətirilməsi, turizm, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır