“Kapital Bank” xaricdə filial və ya nümayəndəlik açmağı düşünmür

“Xaricdə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir”.

Bu sözləri “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev öz müsahibəsində qeyd edib.

Həmçinin, Rövşən Allahverdiyev bildirib ki, “Global Finance” jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib və Azərbaycandan “Ən Güvənli Bank” olaraq “Kapital Bank”ı seçib. Araşdırma 106 ölkənin 1000-dək bankı arasında aparılıb. İlin sonunadək daha bir neçə beynəlxalq tədbirdə iştirak etməyi və əməkdaşlığı genişləndirəcəklərini vurğulayıb. Bu ilin sentyabr ayında “Kapital Bank”ın “Swift Gpi” beynəlxalq sisteminə qoşulduğunu bildirib.

“”Kapital Bank”ın əsas prioritet inkişaf istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Artıq 2 ilə yaxındır ki, bununla bağlı müəyyən addımlar atılıb, müxtəlif beynəlxalq təşkilatlarla, maliyyə institutları ilə əməkdaşlıq edirik. Həmçinin il ərzində maliyyə sərgilərində iştirak edirik. “Kapital Bank” Amerika Banklar Assosiasiyasının üzvüdür və həmin təşkilatın illik yığıncaqlarında fəal iştirak edərək, bir sıra konfranslarına dəstək də göstəririk. Qeyd edim ki, MDB ölkələri arasında “Kapital Bank” və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan “Kapital Bank”ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək” deyə Rövşən Allahverdiyev qeyd edib.

Qeyd edək ki, müsahibənin tam versiyasını keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır