Mərkəzi Bank məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib

Azərbaycan Respublikasının Mərkəzi Bankı cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi siyasəti çərçivəsində həyata keçirdiyi sislsilə tədbirlərini davam etdirir.

Bu məqsədlə, 16 fevral – 05 iyun tarixlərində Bakı və Xırdalan şəhərlərində yerləşən 15 məktəbəqədər təhsil müəssisəsinə səfər edilmiş və bu müəssisələrin hər birində məktəbəqədər təhsilin standartlarına uyğun olaraq 25 dəqiqəlik məşğələlər keçirilib. Uşaqlarda ilkin maliyyə savadlılığı anlayışlarını formalaşdırmaq üçün məşğələlər ərzində onlara pul tarixi, pul nişanları və qənaətlə bağlı məlumatlar interaktiv oyunlar vasitəsilə təqdim edilib. Bu tədbirlərdə ümumilikdə 400-ə yaxın uşaq və tərbiyəçi əhatə olunub.

Mərkəzi Bank geniş əhalinin, xüsusilə məktəblilər, valideynlər, məktəbəqədər təhsil müəssisələrinin uşaq və müəllim heyətinin bu tədbirlərə olan böyük marağını nəzərə alaraq, gələcəkdə onların artırılması, bir qədər geniş miqyasda reallaşdırılması üçün yeni, təkmilləşdirilmiş resurslar üzərində işləyir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində maliyyə savadlılığı üzrə tədbirlərin növbəti mərhələsinin icrasına 2017-ci ilin sentyabr ayında başlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır