Milli iqtisadiyyat perspektivi üzrə tədbirlərin 32%-i tamamlanıb

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32%-inin icrası tamamlanıb, 59%-inin icrası üzrə işlərə başlanılıb.

Belə ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib, habelə proqnoz göstəriciləri hazırlanıb.

Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb.

2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi  ilə  əlaqədar  qərar qəbul edilib. 2017-ci  il  ərzində hərracı baş  tutmuş 395  kiçik  dövlət  müəssisə  və  obyektinin 221-i, icarəyə verilmiş 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb.

Təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, ilk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 %-nə, yəni 86 müəssisəyə baxış keçirilib, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb.

Qeyd edək ki, 2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin qrafiki aşağıda yerləşdirilib:

Milli İqtisadiyyat QRAFİK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır