“Muğanbank” kredit toplanmasını “Kapital Bank”a ötürür

Azərbaycanın daha bir bankı kreditlərinin toplanmasında problemlərlə üzləşib. Söhbət «Muğanbank» ASC-dən gedir. Fins.az-a daxil olan məlumatlara görə, son günlər «Muğanbank»da istehlak erediti olanlara zəng edilərək və onlara kredit borclarını “Kapital Bank”a ödəyəcəkləri bildirilir. Bunun üçün sənəndləşmənin aparılması üçün kredit götürənlər banka dəvət olunurlar. Fins.az-ın araşdırması nəticəsində məlum olub ki, Muğanbank kredit portfelinin bir hissəsini “Kapital Bank”a köçürüb. Hər iki bank məlumatı təsdiqləyib.

Krediti «Kapitalbank» yığacaq

Müştərinin sözlərinə görə, «Muğanbank» problemli kreditlərinin bir hissəsini və istehlak kreditlərini “Kapital Bank”a köçürüb. Bununla da «Muğanbank» problemli kreditlərini toplamaq missiyasını “Kapital Bank”a həvalə edib. Digər məlumatlara görə, «Muğanbank»dan köçürülən kredit portfeli üzrə konkret razılaşma olub və qayıtmayan portfelin yığılmasından əldə olunan gəlirin bir hissəsi də qarşı tərəfə çatacaq.

“Müştərilərimizin rahatlığını düşünmüşük”

Lakin «Muğanbank» bu versiyaları təkzib edir. Bankın Marketinq Departamentinin direktoru Rəşad Əliyevin sözlərinə görə, həqiqətən də bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a verilib. Bunlar sırf istehlak kreditləridir və həmin şəxslər «Kapitalbank»da əmək haqqı və ya pensiya kartı olanlardır. R.Əliyevin sözlərinə görə, bu addım müştərilərin rahatlığı naminə atılıb və əmək haqqlarını “Kapital Bank”da alan insanlar kreditlərini də elə oradaca ödəyəcəklər. Razılaşmanın digər nüanslarına gəlincə, departament rəhbəri onları inkar edib. Bildirdi ki, hazırda istehlak krediti portfelinin “Kapital Bank”a köçürülməsi mərhələli şəkildə davam edir.

“Bəli, həqiqətdir!”

“Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov Fins.az-a müsahibəsində faktı təsdiqləyib. Bildirib ki, həqiqətən də «Muğanbank»ın istehlak kreditləri portfelini “Kapital Bank” alıb. Hazırda kreditlərin köçürülməsi prosesi davam edir. Müştərilər 7 rəqəmli şifrəni təqdim etməklə, həmin kreditlər üzrə Kapitalbankda ödəniş edə bilərlər.

Bəs, kredit əmək haqqına yönəldilə bilərmi?

Qeyd edək ki, “Kapital Bank”a verilən kredit portfelində problemli kreditlər də var. Həmin kreditlərin əmək haqqından və ya pensiyadan tutulmasına gəlincə, qeyd edək ki, bunun üçün kredit ödəyicisinin müqavilə və ya ərizə əsasında rəsmi razılığı və ya məhkəmə qərarı olmalıdır.

Bununla bağlı Mülki Məcəllədə göstərilir.

«Maddə 964. Pul vəsaitinin hesabdan silinməsinin əsasları

964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulan hallarda yol verilir».

Mənbə: fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır