Növbəti “Kütləvi çıxarış” kampaniyası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində belə ərazilərdə yaşayan sakinlərin birbaşa olaraq ünvanlarına gedərək qeydiyyat xidməti göstərib, çıxarışlar təqdim edib.

Komitə tərəfindən martın 15-də keçirilən növbəti Kütləvi çıxarış kampaniyasının ünvanı Qazax rayonunun 1-ci və 2-ci Şıxlı, eləcə də Aşağı və Yuxarı Salahlı kəndləri olub. Qeydiyyat xidmətlərinin birbaşa olaraq sərhəd və cəbhə bölgələrində yerləşən ucqar kəndlərdə göstərilməsi sakinlərin əlavə ünvana getmədən rahatlıqla əmlaklarına dair sənəd əldə etməsinə imkan yaradıb. Eyni zamanda bu tədbirin Novruz bayramı ərəfəsində keçirilməsi də sakinlərin əhval ruhiyyəsini artırıb.

Qeyd edilməlidir ki, rayonun həmin kəndlərindən olan 200-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. 1-ci Şıxlı kəndindən 75 ailə, 2-ci Şıxlıdan 60, Aşağı Salahlıdan 45, Yuxarı Salahlıdan isə 20 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışların 50-yə yaxını pay torpaqlarının, 20-dən çoxu fərdi yaşayış evlərinin, 20-yə yaxını həyətyanı torpaq sahəsinin, qalanları isə qeyri-yaşayış sahəsinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır