“Progress Sığorta Agentliyi” MMC-nin lisenziyası 1 ay müddətinə dayandırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli, 088992 nömrəli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.

Belə ki, Palata tərəfindən aparılmış yoxlama zamanı Cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamış, “Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmayıb.

Qeyd edək ki, bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay müddətinə vaxt verilib və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır