Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib

Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb.

İndiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1.6 milyard manat investisiya yatırılması, 11 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30.5 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma, torpaq və əmlak vergisindən tam azadolma, layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolması aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır