Samir Şərifov: “Dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98% səviyyəsində icra olunub”

2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98% səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib.

Bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov deyib.

Büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının 16 % və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş xərcləri çərçivəsində tam icra olunub.

Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 34 milyon manat az olub. İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır.

Belə ki, təsdiq olunmuş icmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in 11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən həmin kəsir ÜDM-in 1,5 %-dək daralaraq 1 milyard manat təşkil edib.

“2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 %-ihəcmində vəsait yönəldilib”,-deyə Samir Şərifov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır