“SOCAR istiqrazları bank depozitlərinə necə təsir edəcək?” – MÜSAHİBƏ

 

“SOCAR”ın Azərbaycanın qiymətli kağızlar bazarına daxil olması gələcək üçün müəyyən perspektivlər yaratsa da bəzi sualları da özü ilə gətirdi.  Bunların başlıcası SOCAR istiqrazlarının bankların depozit portfelinə necə təsir edəcəyi, gələcəkdə bu bazara SOCAR tərəfindən hansı məhsulların buraxılacağıdır. BBN.az olaraq, bu və bu kimi məsələrdə “SOCAR istiqrazları” ilə birbaşa əlaqəli şəxs və “SOCAR Turkey Enerji A.Ş.”-nin (STEAŞ) maliyyə risk idarəçiliyi və xəzinə koordinatoru Ali Ağaoğlunun münasibətini öyrəndik.

Müsahibəni sizə təqdim edirik:

SOCAR əhali tərəfindən ABŞ dollarına çevrilən, amma dövriyyəyə çıxmayan vəsaiti yenidən dövriyyəyə daxil etmək fikrindədir. Bəs bu addım banklarda olan vəsaitin bu istiqrazlara yönəlməsinə səbəb ola bilərmi və ümumiyyətlə, bu addım bankların depozit portfelinə necə təsir edəcək?

İlk növbədə Azərbaycanın ötən il qarşılaşdığı iki devalvasiya faktı mövcuddur. Devalvasiyaların təsiri ilə əhali yığımlarının böyük hissəsini dollara çevirib. Ölkənin bank sektorunun balansının 80%-i də artıq dollardadır. Dollar krediti tələb edən yoxdur.  Amma buna qarşılıq olaraq dollarda vəsait var.  Başqa sözlə, bankların əmanətində xeyli dollar vəsaiti var, amma hazırkı vəziyyətdə iqtisadi subyektlər xarici valyutada kredit cəlb etməkdə maraqlı deyillər. Bu isə ölkə iqtisadiyyatında bəzi mexanizmlərin qeyri-işlək vəziyyətə gəlməsinə səbəb olur. Belə olan halda SOCAR olaraq bir addım atılmalı olduğu qənaətinə gəldik. Əslində bu vəziyyətlə bağlı dövlətin də bəzi addımlar atmalı olduğuna inanırıq. Amma dövlət bu məsələ ilə bağlı yekun qərara gələnə qədər SOCAR olaraq bəzi tədbirlər görməyi vacib saydıq. Başda SOCAR prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə bu iş başladı. Biz isə bu işin yalnız texniki tərəfi ilə məşğul olduq.

Araşdırıldığı zaman məlum olur ki, əhalinin evində və bank seyflərində saxladığı çox ciddi miqdarda xarici valyuta var. Bu vəsaiti iqtisadiyyata necə qazandırmaqla bağlı ən doğru addımın isə dollar istiqrazlarının emissiyası olduğuna qərar verdik. Əslinda manat istiqrazları da buraxıla bilərdi, amma hazırda iqtisadiyyatın çarxlarında manat dövr eləmir. Bunun əksər hissəsi dollarladır. Xarici valyutanın əldə, “yastıq altında” saxlanması isə problemlər yaradır. Bu işləməyən bir mexanizm deməkdir. Mexnizmi işlək hala gətirmək üçün bu cür alətlərin tətbiq edilməsi lazımdır. Əhalinin investisiya imkanlarına baxdıqda isə bank zəmanətindən başqa, çox geniş imkanlarının olmadığını görürük.

SOCAR-ın bu məsələyə töhfə verməsinin digər səbəbi isə iqtisadiyyatın işlək hala gətirilməsi, yəni iqtisadiyyatdan kənar qalmış vəsaitlərin yenidən iqtisadiyyata qazandırılmasıdır.

Sualınızın ikinci hissəsinə: “bu banklara təsir edərmi” qisminə cavab olaraq deyə bilərəm ki,  bizim başlıca məqsədimiz əhalinin evlərdə, seyflərdə passiv olaraq tutduğu, eyni zamanda sahiblərinə və iqtisadiyyata heç bir fayda verməyən vəsaitlərin aktiv iqtisadiyyata cəlb edilməsi və daxili kapital bazarlarının inkişafına dəstək olmaqdır, hansı ki, bu prosesdən bütün tərəflər qazanclı çıxır. Hazırda buraxdığımız 100 milyon ABŞ dolları məbləğində istiqrazlar nisbətən kiçik bir rəqəm olsa da, tərəfimizdən atılan ilk təkanverici addımdır. Ola bilər ki,  bizim 100 mln. dollarlıq təklifimizə tələb daha çox – 200, 300 və ya 500 mln. dollar olduqda qısamüddətli bir problemlə qarşılaşaq. Amma bu problemin də təsirlərini mümkün olduğu qədər minimuma endirəcək bütün tədbirləri almışıq. Bu işə başlamazdan əvvəl Azərbaycan Mərkəzi Bankı, Milli Depzit Mərkəzi (MDM), bizimlə əməkdaşlıq edən kommersiya bankları, investisiya şirkətləri ilə görüşərək, bu işin sistemə yaşada biləcəyi çətinliyi ən az səviyyəyə endirmək üçün bütün tədbirləri aldıq.

Yaranacaq hər hası problemə qarşı nəzərdə tutulmuş qabaqlayıcı tədbirlər hansılardır?

İlk növbədə istiqraz necə satılacaq. Buradan başlayaq. Əvvəlcə yığım sahibləri əməkdaşlıq etdiyimiz banklara və ya investisiya şirkələrinə müraciət edərək, istiqraz almaq istəklərini bildirirlər. Bu əməliyyat onların MDM-dəki hesabları vasitəsilə həyata keçiriləcək. Əgər investorun MDM-də hesabı yoxdursa, banklar investisiya şirkətləri ilə imzaladıqları agentlik müqaviləsinə əsasən, həmin investisiya şirkətləri vasitəsilə investor üçün MDM-də hesab açaçaq. Ön sifariş veriləcək. Sifariş əsasında vəsait bankların Mərkəzi Bankda olan hesabından MDM-in Mərkəzi Bankda olan hesabına köçürüləcək. Günün sonunda ön sifarişin həcmi ilə MDM-ə köçürülən vəsait qarşılaşdırılacaq. Bundan sonra ön sifariş dəqiq sifarişə çevriləcək.  Bu proses 10 oktyabr tarixinə qədər hər gün həyata keçiriləcək.  Bu tarixdən sonra sifariş cəlb etmək dayandırılacaq. Sonra xaricdəki hesablardan MDM-ə köçürmələrin gecikə biləcəyini nəzərə alaraq, 12 oktyabra qədər gözləyəcəyik.

Bu mərhələ yekunlaşdıqdan sonra müəyyənləşdirdiyimiz alqoritmə uyğun olaraq, istiqrazların hesablara yerləşdirilməsini həyata keçirəcəyik. Bu alqoritmə uyğun şəkildə üstünlük Azərbaycan vətəndaşı olan fiziki şəxslərə veriləcək. Onların 100 min dollara qədər olan tələbləri ilkin növbədə qarşılanacaq. Sonra isə hüquqi şəxslərin 100 min dollara qədər olan tələbləri qarşılanmağa çalışılacaq. Amma həm fiziki, həm də hüquqi şəxslərin ümumi tələbi 100 milyon dollarılıq təklifi üstələyərsə, o zaman pro-rata sistemi tətbiq olunacaq. Yəni, ilk növbədə fiziki şəxslərin, daha sonra isə hüquqi şəxslərin 100 min dollara qədər olan tələbləri qarşılanacaq, ümumi təklifdən geriyə qalan məbləğ isə fiziki və hüquqi şəxslər arasında tələblərin (sifarişlərin) böyüklüyünə uyğun olaraq bölüşdürüləcəkdir. Təklif tələbi ödəmədikdə isə investorların istiqraza çevrilməyən vəsaitləri onların hesabına yenidən qaytarılacaq.

Məsələn, əgər 200 mln. dollarlıq tələb olarsa və bunun 50 mln. dolları Azərbaycan vətəndaşı olan fiziki şəxslərin tələbi (1 şəxs üçün 100 min dollara qədər olan), 30 mln. dolları hüquqi şəxslərin (1 şəxs üçün 100 dollara qədər olan) olacaqsa,  ilk növbədə bu 80 mln. dollalıq tələb ödəniləcək. Yerdə qalan 20 mln. dollarlıq istiqrazlar isə 120 mln. dollarlıq qalan tələbə proporsional olaraq, bu misalda 1/6 nisbətində paylaşdırılacaq. Yerdə qalan 5/6-lik hissə isə sahiblərinin hesabına geri qaytarılacaq.

İstiqrazlar isə ən gec 14 oktyabrda birjada yerləşdiriləcək. Eyni gündə istiqrazlar MDM-də investorların hesablarına keçəcək. 17 oktyabr tarixindən isə SOCAR istiqrazları üzrə ikinci bazarda əməliyyatlar həyata keçirilməyə başlanacaq.

100 mln. dollarlıq tələb yavaş-yavaş formalaşdığı zaman bank sektoruna hansısa təzyiqin olacağına inanmırıq. Həmçinin əməkdaşlıq etdiyimiz banklar investorlardan hesabların açılması və pul köçürülməsi  üzrə heç bir haqq almayacaqlar və həmçinin Mərkəzi Bank da banklardan MDM hesabarına köçürmə zamanı komissiya tutmayacaq. Başqa sözlə, bu iş həm investor, həm də banklar üçün minimum xərclə baş tutacaq.

Bu işdə meydana gələ biləcək ən böyük çətinlik isə tələbin həddindən çox olması zamanı meydana çıxa bilər.  Məsələn, 500 milyonluq və bir milyardlıq tələb olduğu zaman 3-4 günlük qısa bir müddət ərzində çətinlik ola bilər. Qısamüddət olaraq bildirməyimin əsas səbəbi isə milyardlıq yüksək tələbin yalnız istiqrazların  son satış gününə yaxın yarana biləcəyidir ki,  belə bir tələbin olacağına da az ehtimal verirəm. Belə olduğu halda belə bankların böyük bir saldoya malik olduğunu və bu təziqi qarşılaya biləcəklərini Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə görüşlərimizdə aydınlaşdırdıq.

SOCAR bu addımı atmazdan əvvəl geniş bazar araşdırması həyata keçirib. Hazırda əhalinin “yastıq altında” olan vəsaitinin nə qədər həcmdə olduğu təxmin edilir?

Bu məbləğlə bağlı dəqiq fikir söyləmək çox çətindir. Ancaq əldə etdiyimiz təqribi rəqəmlər var ki, bu da “yastıq altında” olan vəsaitin 2 və 7 milyard dollar arasında olduğunu göstərir. Mənim təxminimə görə isə bu rəqəmin hazırkı vəziyyətdə 2-4 milyard dolları aşmır.

Amma qeyd edim ki, istiqrazlara gələcək pulun heç də bank depozitlərindən gələcəyinə inanmıram.  Bu vəsaitin böyük bir hissəsinin əhalinin əlində olan vəsaitdən gələcəyini düşünürük.  Çünki bu vəsait heç bir faiz qazanmır. Biz bu vəsaitə SOCAR təminatı ilə 5%-lik gəlir təklif edirik.

Biz bu əməliyyatın Azərbaycanın maliyyə bazarını canlandıracağına inanırıq. Türkiyə təcrübəsində də buna bənzər hallar olub. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə əsas yük dövlətə və ya dövlət şirkətlərinə  düşür.  SOCAR da 100% dövlət qurumu olduğu üçün bu addımı atdı. Bazar formalaşdıqdan sonra isə digər şirkətlər bu bazara daxil olmağa başlayar. İlk olaraq istiqrazlar, sonra isə şirkətlərin səhmləri gəlir. Bazarda səhmlər var, amma investorlar arasında o qədər də üstünlük verilən  investisiya alətləri deyil.

SOCAR-ın bu addımı bazara bir çox yeniliklər gətirməklə bərabər,  ilkin addım olduğu üçün mövcud boşluqların görülməsinə və mexanizmin daha işlək hala gətirilməsinə imkan verdi.

Ümumilikdə 2015-2016-cı illər ərzində dollara çevrilən vəsaitin bir hissəsi xaricə gedib. Belə qiymətli kağızlar ölkədən çıxan vəsaitin yenidən qayıtmasını təmin edə bilərmi?

Buna təsir edəcəyinə və kiçik də olsa qayıdacağına inanırıq. Amma bu istiqrazlar ilkin bazarda  yalnız Azərbaycan vətəndaşları və hüquqi şəxslərinə satılmaq üçün nəzərdə tutulub. Cənab Rövnəq Abdullayevin də istiqrazların təqdimatı ilə bağlı tədbirdə çıxışı zamanı bildirdiyi kimi, SOCAR daha aşağı faiz dərəcəsi ilə xaricdən də borclana bilər. Lakin bu addım həm daxili kapital bazarını canlandırmaq, həm də SOCAR-ın kredit cəlb etmə mənbələrini diversifikasiya etmək üçün atılıb.

Digər tərəfdən, faiz dərəcələrində fərq ikinci bazarda bu istiqrazlara xarici investorlar tərəfindən də tələb yaradacaq. Hətta proqnoza əsasən, bu bazarda istiqrazların faiz dərəcələri 5%-dən az, 4-4.5% olmasına baxmayaraq, bu tələb mövcud olacaq. Nəticədə ölkədən çıxan pul bu kanal vasitəsi ilə də ölkəyə qismən geri dönəcək.

Əgər tələb yüksək olacaqsa, gələcəkdə istiqrazların həcminin artırılması gözlənilirmi? Burada hansı nüanslar nəzərə alınacaq?

Hazırda emissiya edilən istiqrazların həcmi tələbin miqdarından asılı olaraq artırılmayacaq. Amma buna bənzər bəzi layihələrimiz var ki, bunlar da investorlar üçün maraqlı ola bilər.

Belə ki, hazırda buraxılan istiqrazlar adlı istiqrazlardır. Azərbaycan üçün isə “yastıq altında” olan vəsaiti cəlb etmək üçün ən əlverişli yol adsız istiqraz emissiyasıdır. Bunları çıxara bilmək üçün işlər görürük, amma bu istiqrazların faiz dərəcəsi indiki kimi yüksək olmayacaq.

Bundan əlavə sonrakı mərhələlərdə dollara indeksləşdirilmiş manat istiqrazları, davamında manat istiqrazları, səhmə çevrilə bilən istiqrazlar və SOCAR-ın birbaşa özünün olmasa da, pay sahib olduğu şirkətlərdəki səhmlərin satılması planlaşdırılır.

Son olaraq əlavə etmək istəyirəm ki,  bank sistemindən böyük əməkdaşlıq dəstəyi gördük. Maliyyə bazarlarının inkişafı bank sektoruna da müsbət təsir edəcək.  Bazar formalaşdıqdan və bir nöqtəyə gəlib, çatdıqdan sonra banklar da iri həcmli istiqraz buraxılışı edə biləcəklər, bu istiqrazlar da ikinci bazarda alınıb-satılacaq. Bu isə banklara vəsait cəlb edilməsinə yeni imkanlar yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır