Ticarət balansının müsbət saldosu 2.1 dəfə artıb

Tədiyə balansı göstəricilərinin yaxşılaşması davam edir.

BBN.az xəbər verir ki, I rübdə cari əməliyyatlar hesabında ÜDM-in 15.4%-i səviyyəsində profisit formalaşıb. Xarici sektorda pozitiv meyillər II rübdə davam edir.

2018-ci ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət balansının müsbət saldosu 2.1 dəfə, ixrac 65.8%, qeyri-neft ixracı 14.2% artıb. Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşmasının başlıca amilidir.

Ticarət balansı ilə yanaşı xidmətlər balansında da yaxşılaşma davam edir. I rübdə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri balansında müsbət saldo qorunub. Pul baratlarının dinamikası da ölkənin xarici valyuta daxilolmalarının artmasına müsbət təsir göstərib.

Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

Son proqnozlara görə 2018-ci ilin sonuna tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Ortamüddətli dövrə isə tədiyə balansı üçün başlıca təhdidlər beynəlxalq enerji daşıyıcıları bazarındakı qeyri-müəyyənliklər, habelə məcmu tələbin genişlənməsi və partnyor ölkələrdəki məzənnə ucuzlaşmalarının təsiri ilə idxalın yüksək templə artmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır