Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək

Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərməyə hazırdır. Bu barədə fevralın 14-də İqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşündə bildirilib.

Görüşdə Türkiyə tərəfi arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihə barədə məlumat verib. Bildirilib ki, layihəyə uyğun olaraq, Cocuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Layihə çərçivəsində həmçinin, 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, ştil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Bundan başqa, layihə çərçivəsində suvenir istehsalı təşkil olunacaq ki, burada keramika və müxtəlif oyuncaqlar hazırlanacaq.

Layihənin reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsullar “Cocuq Mərcanlı” loqosu ilə satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır