“Ümumi Daxili Məhsul 3 dəfədən çox artıb”

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası keçirilir. Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin iştirak etdiyi Tədbir BƏT-in Baş direktoru Qay Rayderin “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzə ətrafında müzakirələrin aparılması ilə başlayıb.

İclasda Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov çıxış edib. Nazir BƏT-in Baş direktoru Qay Rayderin sosial inkişafın dəstəklənməsinə və layiqli əmək konsepsiyasının reallaşdırılmasına yönəlmiş məsələləri əhatə edən məruzəsinin Təşkilatın hazırkı və gələcək fəaliyyətinin başlıca mövqeyini bir daha təsdiqlədiyini vurğulayıb.

Sahibkarlığın inkişafını təmin edən iqtisadiyyatın liberallaşdırılması və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 10 il ərzində ölkəmizdə Ümumi Daxili Məhsulun 3 dəfədən çox artdığını diqqətə çatdıran S.Müslümov bu dövrdə respublikamızda 1,6 milyondan artıq yeni iş yeri yaradıldığını, əhalinin gəlirlərinin 4,5 dəfə, minimum əmək haqqının 2,9 dəfə, orta aylıq əmək haqqının 3,4 dəfə artdığını, işsizlik və yoxsulluğun 5% səviyyəsində saxlanıldığını bildirib.

Nazir növbəti ildə Azərbaycanda keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair beynəlxalq konfransda BƏT-in Baş Direktoru cənab Qay Rayderin iştirakının da nəzərdə tutulduğunu bildirib.

İclas Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyinə, miqrantların və qaçqınların əmək bazarlarına ədalətli və səmərəli çıxışına, əmək sahəsinin idarə olunmasına dair müzakirələrlə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır