Yanvar-dekabr aylarında 116 ölkəyə məhsul ixrac edilib

2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 116 ölkəyə məhsul ixrac edilib, 179 ölkədən idxal olunub.

Belə ki, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxalın dəyəri 8782,0 milyon dollar təşkil etmiş, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 % artıb, real ifadədə isə 10,7 %, o cümlədən ixrac 7,1 %, idxal 16,1 % azalıb.

Ixracın 31,9 %-ni İtaliyaya, 9,9%-ni Türkiyəyə, 4,6 %-ni İsrailə, 4,3 %-ni Rusiyaya, 4,0 %-ni Çexiyaya, 3,9 %-ni Kanadaya, hər biri 3,4% olmaqla Gürcüstan və İndoneziyaya, 3,3 %-ni Almaniyaya, hər biri 3,2 % olmaqla Portuqaliya və Çinə, 2,6 %-ni Hindistana, 2,5 %-ni Ukraynaya, 2,4 %-ni Fransaya, qalan 17,4 %-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 %-i Rusiya, 14,5%-i Türkiyə, 9,7 %-i Çin, 8,2 %-i ABŞ, 5,2 %-i Ukrayna, 5,1 %-i Almaniya, 3,6 %-i İtaliya, hər biri 2,7 % olmaqla İran və Birləşmiş Krallıq, 2,0 %-i Braziliya, 1,9 %-i Yaponiya, hər biri 1,8 % olmaqla Norveç və Fransa, 23,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Qeyd edək ki, 2017-ci ilin yanvar-dekabr aylarında 1538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4 %, real ifadədə isə 22,2% çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır