ƏƏSM naziri Sahil Babayev Tovuz rayonunda vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tovuz  rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ümummilli lider Heydər Əliyevin Tovuz rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşündə S.Babayev ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. Nazir sosial sahədə aparılan islahatlar, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ildə təqdim etdiyi iki sosial paketin nəticəsi olaraq müavinət və təqaüdlərin, minimum pensiyanın, əmək haqlarının artırılması istiqamətində atılan inqilabi addımlar barədə məlumat verib.  Aktiv məşğulluq proqramlarının geniş miqyas alması, bu proqramların icrasında həssas qruplara üstünlük verilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

Vətəndaşların məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, pensiya və sosial müavinət,  əlillik, reabilitasiya və sosial xidmətlər, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilərək cavablandırılıb.  S.Babayevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı vətəndaşlar  müraciətləri nəzərə alınmaqla, özünüməşğulluq proqramına, peşə hazırlığına, nazirliyin reabilitasiya müəssisələrində bərpa müalicəsinə, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Məşğulluq üçün müraciət edən bir qisim vətəndaşa ərazi üzrə vakant iş yerləri təklif olunub və onlara əmək bacarıqlarına uyğun münasib iş yerlərinə göndərişlər təqdim edilib. Eləcə də müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərlə bağlı vətəndaşlara izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır