ƏƏSMN-də ABŞ-ın Corctaun Universitetinin professoru ilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Fulbrayt proqramının mütəxəssisi, ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin təlim üzrə direktoru xanım Tobi Lonqun iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv mühitin, o cümlədən inklüziv təhsilin inkişafı məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

BBN.az xəbər verir ki,  tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya sistemində aparılan islahatlar, əlilliyin qiymətləndirilməsinin elektron infrastrukturu – Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) barədə məlumat verilib. Bildirilib ki, əlilliyin qiymətləndirilməsində vətəndaş-ekspert kontaktı olmadan, obyektivliyə və şəffaflığa təminat yaradan bu elektron sistem eyni zamanda son bir ildə ilkin əlillik təyin olunanların sayının 31% azalmasına imkan verib.

Ölkəmizdə səfərdə olan xanım T.Lonqun iştirakı ilə vacib bir mövzuda belə bir dəyirmi masanın təşkilində məqsəd  sağlamlıq imkanları məhdud uşaqlarla iş, onlar üçün inklüzivliyin təmin olunması ilə bağlı onunla müzakirə və məsləhətləşmələrin, təcrübə mübadiləsinin aparılmasıdır.

Xanım T.Lonq Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyası, onların cəmiyyətdəki digər uşaqlar kimi xidmətlərə əlçatanlığının təmin edilməsi sahəsində görülən məqsədyönlü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə qeyd olunan uşaqların reabilitasiyası, onların imkanlarına uyğun təhsil almalarına şəraitin yaradılması, uşaqlarda əlillik və inkişafdan geri qalma hallarını mümkün qədər erkən dövrlərdə aşkar etmək və bu halların aradan qaldırılması üçün erkən müdaxilənin əhəmiyyəti, uşaqlarla bağlı fiziki və peşə terapiyası, bu sahələrdə qabaqcıl dünya təcrübəsi və s. ilə bağlı fikir mübadilələri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır