Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib

Ölkəmizin iqtisadi inkişafından əldə olunan əlavə gəlirlərin tam həcmdə sosial sahəyə, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsi 2019-cu ilin ötən dövründə reallaşan iki mühüm sosial paketdə bir daha əməli şəkildə öz təsdiqini tapdı. Dövlət tərəfindən əlavə olaraq milyardlarla manat vəsait ayrılmasını tələb edən bu inqilabi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin sosialyönümlü olduğunu və vətəndaş rifahının təminatına xidmət etdiyini növbəti dəfə göstərdi.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

Nazir bildirib ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə cari ilin birinci yarımilinin yekunları ilə bağlı qeyd edilən göstəricilər Azərbaycanın inamlı inkişafının uğurlu davamından xəbər verir. Müşavirədə cənab Prezident cari il ərzində sosial sahədə reallaşan mühüm islahatlardan bəhs edərkən dedi: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”. Dövlət başçısı “Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik” deyə müşavirədə bəyan etdi.

S.Babayev diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqının iki dəfəyə yaxın artırılması təmin edilib və bu tədbir 950 min insanın əmək haqqının artımına imkan verib. Əlavə olaraq, 400 min işçinin əmək haqqı 20-50 faiz artırılıb. 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb. Minimum pensiyanın 72 faiz  artırılması 650 min insanı əhatə edib, eyni zamanda, dövlət sektorunda işləyənlərin əmək haqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə, bu ilki sosial islahatlar nəticə etibarilə  birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir. 

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır