Əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair siyasət müzakirəsi keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasət müzakirəsi keçirilib.

Qeyd edək ki, seminarın keçirilməsində  məqsəd əmanətlərin sığortalanmasının səmərəli həyata keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə və prinsiplər barədə fikir mübadiləsinin aparılmasıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 milyon tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8057,9 milyon manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5 faiz artaraq 8580 milyon manata çatmışdır. Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1 faiz, manatla müddətli əmanətləri 11,6 faiz artmışdır. Əhalinin xarici valyutada  tələb olunanadək əmanətləri 10,3 faiz artmış, xarici valyutada müddətli əmanətləri isə 11,3 faiz azalmışdır. Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir. Eyni zamanda qeyri-maliyyə təşkilatlarının da depozitləri ilin əvvəlindən xarici valyutaya nisbətən manatla daha yüksək templə artır. Ümumilikdə, vergi-gömrük islahatları, nağdsız dövriyyənin artırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi və əmanətlərin sığortalanması sahəsində islahatlar bir-birini tamamlayır. Likvidlik dövriyyəsinin maliyyə-bank sektoruna cəlb edilməsi bu sahədə dayanıqlığın və iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının artmasına şərait yaradır. Bundan sonra da əmanətlərin sığortalanması sahəsində islahatlar ilk növbədə əhalinin maraqlarını təmin edəcək, rəqəmsal maliyyə və idarəetmə texnologiyalarının inkişaf etdirilməsi ilə maliyyə-bank sektorunu daha da gücləndirəcək.”

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır