ƏMDK-nın sədri Balakəndə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 may 2017-ci il tarixində Balakən rayonunda növbəti  vətəndaş qəbulu keçirib. Qəbulda Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətlərinə baxılıb. Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edib.

Qəbulda iştirak edən vətəndaşların müraciəti daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olub. Eyni zamanda qəbul çərçivəsində bir sıra rayon sakini tərəfindən torpaqlardan təyinatına və kateqoriyasına, əsasən də kənd təsərrüfatı təyinatlı torpaqlarda istifadə qaydaları ilə bağlı müraciətlər edilib. Həmçinin qəbulda vətəndaşlar tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirakla bağlı müraciətlər da səsləndirilib. Müraciətlərin bir qismi sorğu xarakteri daşıyıb.

Komitə sədri vətəndaşlarla görüşdə qeyd edib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda aparılmış dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları vətəndaşlar arzu etdikləri təqdirdə elektron variantda əldə edə bilər. Bu dəyişiklik vətəndaş məmur ünsiyyətinin azalmasına, vətəndaşların sənəd əldə etmək üçün dövlət orqanına getmədən internet vasitəsi ilə əldə etməsinə, vaxt itkisinin qarşısını almağa, şəffaflıq və rahatlığa xidmət edən  islahatlardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır