Ən böyük ticarət sövdələşməsi gələn il imzalanacaq

İlk dəfə 2012-ci ildə Kambocanın paytaxtında müzakirələri başladılan “Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq” (RCEP) sövdələşməsinin 2020-ci ildə imzalanacağı açıqlanıb. İlkin olaraq, 16 ölkə arasında imzalanması planlaşdırılan, lakin sonradan Hindistanın daxili istehsalçılarının mənafeyini qorumaq üçün tərəfdaşlıqdan imtina etməsi ilə 15 ölkəyə geriləyən RCEP tərəfdaşlığı bununla belə dünyanın ən böyük ticarət sövdələşməsi titulunu qoruyub saxlayır.

2012-ci ildə başlanmasına baxmayaraq, RCEP müzakirələrinin sürətlənməsinə səbəb olan əsas faktor 2017-ci ildə ABŞ-ın “Trans-Sakit Okean Tərəfdaşlığı” (TPP) sövdələşməsindən geri çəkilməsi olub.

Ticarət blokuna bütün ASEAN birliyi ölkələri (İndoneziya, Tayland, Filippin, Sinqapur, Malayziya, Vyetnam, Bruney, Kamboca, Myanmar, Laos) və onların beş əsas ticarət müttəfiqləri (Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya) daxildir. Qeyd edilən bu ölkələr beynəlxalq ümumdaxili məhsulun demək olar ki, üçdə birlik qisminə sahibdirlər.

RCEP müqaviləsi iştirakçılar arasında ticarətin asanlaşdırılması, tariflərin azaldılması və gömrük qaydalarının standartlaşdırılması məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır