“Ziraat Bank Azərbaycan” ilk 10 bank arasına daxil olaraq, orada davamlı qalmağı hədəfləyir

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir Bankın böyüməsi üçün gərəkli olan kapitallaşma səviyyəsinin təmin edildiyini qeyd edərək, Azərbaycanın ilk 10 bankı sıralamasına daxil olaraq orada davamlı qalmağı hədəflədiklərini bildirib.

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyinin müxbirinə müsahibə verib. Müsahibədə Sədr Bankın Azərbaycan bank sektorundakı mövqeyi, planları və hədəfləri haqqında məlumat təqdim edib.

Bankın sədri “Ziraat Bank Azərbaycan”ın Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 saylı lisenziyası əsasında fəaliyyət göstərdiyini qeyd edərək, Bakı, Gəncə və Sumqayıt şəhərləri olmaqla ümumilikdə 7 filial nəzdində müştərilərə xidmət göstərdiyini bildirib. Sədr əsasən korporativ və kommersiya bankçılığına fokuslanmış bir bank olduqlarını vurğulayaraq, Azərbaycanda bizneslə məşğul olan, xüsusilə ölkə iqtisadiyyatına töhfə verəcək orta və iri həcmli şirkətlərin həm cari fəaliyyətlərini, həm də gələcək layihələrini bankın öz inkişaf strategiyası çərçivəsində dəstəkləməyə çalışdıqlarını qeyd edib.

Dr. Selçuk Demir “Ziraat Bank Azərbaycan”ın 17 ölkəni əhatə edən “Ziraat” Maliyyə Qrupunun üzvü olaraq azərbaycanlı iş adamlarına bu geniş şəbəkənin imkanlarından faydalanmaq üçün fürsətlər təqdim etdiklərini müsahibədə qeyd edib.

2025-ci ilin sonunadək xidmət şəbəkəmizin genişləndirilməsi gözlənilir

Müsahibədə sədr Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrini gücləndirmək məqsədilə hər cür səy göstərdiklərini və müştəriləri hər cür dəstəklə təmin etdiklərini vurğulayıb. Həmçinin kredit məhsulu təqdim etməklə yanaşı, dəyişən dünya şərtlərinə uyğunlaşmaq üçün texnologiyaların inkişafı və rəqəmsal bankçılıq məhsullarının genişləndirilməsi, Bankın müştərilərə daha sürətli və keyfiyyətli xidmət göstərilməsi üzərində çalışdıqlarını da bildirib.

“Ziraat Bank Azərbaycan”ın planlı və sabit inkişaf prinsipinə malik olduğunu qeyd edən Dr. Selçuk Demir deyib: “2025-ci ilin sonunadək Bakı və digər şəhərlərdə yeni filiallarımız xidmət şəbəkəmizə daxil olacaq. Həm filiallarımızın sayını artıracağıq, həm də rəqəmsal bankçılıq istiqaməti üzrə inkişaf etmək üçün hər cür səy göstərəcəyik”.

Müştərilərimizin sayı günü-gündən artır

Azərbaycan Respublikasının dayanıqlı bank infrastrukturuna malik olduğunu vurğulayan Dr. Selçuk Demir “Ziraat Bank Azərbaycan”ın dayanıqlı inkişaf üçün lazımi kapitallaşmaya sahib olduğunu qeyd edib. “Müştərilərimizin ehtiyaclarını qarşılamaq və ölkə standartlarında xidmət göstərmək üçün lazım olan imkanlara sahibik. Müştərilərimizin sayı günü-gündən artır. Artıq bizim xidmət keyfiyyətimizdən razı qalan böyük bir müştəri auditoriyamız formalaşıb. Bu inkişafla birlikdə Bankımız ölkə bank sektorunun əhəmiyyətli bankları sırasına daxil olub. Qarşıdakı dövrdə məqsədimiz Azərbaycanın ilk 10 bankı sıralamasına daxil olaraq orada fəaliyyətimizi daimi davam etdirməkdir”, – deyə bildirib.

Sektordakı rəqəmlərin dəyişkən olduğuna diqqət çəkən Dr. Selçuk Demir “Əsas məqsəd inkişaf sürətini doğru müəyyən etmək və dayanıqlı olmaqdır. Uğurda ən dəyərli istiqamət davamlılıqdır” deyib.

Dr. Selçuk Demir “T.C. Ziraat Bank”ının xarici ticarətə yönəlik bank xidmətləri üzrə misilsiz təcrübəyə malik olduğunu vurğulayaraq qeyd edib: “Bu istiqamətdə xidmət keyfiyyətimiz və sürətimiz son dərəcə diqqətə layiqdir. Köçürmə sistemində sürətli və keyfiyyətli xidmət göstəririk. Bankımız 2021-ci ildə Azərbaycanda ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank olaraq mükafatlandırılıb. İndi isə bu xidmətlər sahəsində daha da irəli getməyi hədəfləyərək “Ziraat Bank Azərbaycan”ın xarici ticarət platformasını yaradırıq. Son bir ildə müştərilərin xarici ticarət əməliyyatlarında etdiyimiz iştirakımız sürətlə artır. Bu özünü xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə göstərir və biz bu istiqamətdə davamlı inkişafda maraqlıyıq”.

Əməkdaşlarımız üçün peşə hazırlığı proqramları təşkil edirik

“Ziraat Bank Azərbaycan”da 150 əməkdaşın işlə təmin edildiyini və əməkdaşlar üçün həm Azərbaycanda, həm də Türkiyədə təlimlər keçirildiyini bildirən Dr.Selçuk Demir “Bank əməkdaşlarını həm özəl təhsil müəssisələrində bank təlimi proqramlarında iştirakını təmin etməklə, həm də bank daxilində təlimlərə cəlb edilməsi yolu ilə inkişaf etdiririk. “T.C. Ziraat Bank”ının Türkiyədə bankçılıq məktəbi fəaliyyət göstərir. Dövrü olaraq həm rəhbər kadrlarımızı, həm də mütəxəssislərimizi sözügedən məktəbin müxtəlif tədris proqramlarına göndərərək çox yaxşı nəticələr əldə edirik”, – deyə qeyd edib.

Dr. Selçuk Demir bildirib ki, Bankın əməkdaşlarına verilən təlimlərlə Türkiyədə və dünyada baş verən yeniliklərin, dəyişikliklərin öyrədilməsini və Azərbaycanda təqdim olunan xidmətə tətbiq edilməsini hədəfləməkdədirlər.

“Ziraat Bank Azərbaycan” sosial layihələrdə də iştirak edir

“Ziraat Bank Azərbaycan”ın yalnız biznes layihələr hazırlamadığını, həm də sosial məsuliyyət layihələrində iştirak etdiyini qeyd edən Dr. Selçuk Demir ikinci Qarabağ müharibəsindən sonra şəhid ailələri və veteranlarına dəstəyin onların prioritetləri arasında olduğunu vurğulayıb. 44 günlük müharibə dövründə cəbhədə və ya döyüş bölgəsinə yaxın ərazilərdə səhiyyə xidmətinə dəstək olmaq məqsədilə ehtiyacların ödənilməsinə çalışan bankın işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün yaradılmış Qarabağ Dirçəliş Fonduna maddi dəstək verdiklərini də bildirdi.

Dr. Selçuk Demir aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilən Özünüməşğulluq proqramına “Ziraat Bank Azərbaycan”ın ABA və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığı çərçivəsində töhfə verdiklərini bildirib: “Bu proqram çərçivəsində çox müsbət işlər görmüşük. Burada biz iş dünyasına yeni insanlar gətirir və onlara dəstək oluruq. Yeni iş adamlarını lazımi avadanlıqlarla təmin edərək onların yeni biznes yaratmalarına dəstək oluruq”.

Related posts

ABB səhmləri kifayət qədər sərfəli investisiya alətidir

“ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir” Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur

Bank of Baku İdarə Heyətinin sədri: Yaşıl bankçılıqla təbiətə daha da yaxın olacağıq!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı