2022-ci ilin maliyyə/bank sektoru ilə bağlı qısa icmal

2022-ci ildə maliyyə/bank sektoru müxtəlif dəyişikliklər və hadisələrlə yadda qaldı. Gəlin, sektorda baş verənlərə qısa nəzər yetirək.

-28 yanvar Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul etdi.

-31 yanvar – Azərbaycan Mərkəzi Bankı Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinə üzv oldu

Şəbəkə milli dayanıqlı maliyyə strategiyası və yol xəritələrinin formalaşdırılması və realizasiyası üzrə üzv təşkilatlara texniki dəstək göstərir.

-2 fevral – S&P Azərbaycanın 3 bankının reytinqini təsdiqlədi

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının – “Kapital Bank” (BB-/B), “PAŞA Bank” (B+/B) və “Muğanbank” (B-/B) ASC-lərin kredit reytinqini təsdiqlədi. S&P bu maliyyə qurumların reytinq üzrə proqnozlarını dəyişməyərək sabit saxladı.

-23 fevral – Beynəlxalq Valyuta Fondu (IMF) Çad Steynberqi (Chad Steinberg) Azərbaycan üzrə missiyasının yeni rəhbəri təyin etdi.

-24 fevral – Bank Ombudsmanının baxacağı şikayətlərin maksimal məbləği 5 dəfə artırıldı 

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin keçirilmiş ümumi yığıncağında “Bank Ombudsmanının Əsasnaməsi”nə dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən bundan sonra Bank Ombudsmanı 10 min ABŞ dollarına qədər şikayətlərə baxa biləcək və buna qədər həmin məbləğ 2 min dollar olub.

-18 mart – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,5%-dən 7,75%-ə çatdırılması barədə qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qaldırıldı.

12 aprel – “Muğan Bank” ASC-nin İdarə Heyətinə yeni sədr vəzifəsi Elnur Abbasova həvalə olundu.

-13 aprel – Prezident İlham Əliyevin Sərəncamına əsasən Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edildi.

-14 aprel – “Millikart” prosessinq mərkəzi MMC-nin direktoru vəzifəsi Emin Muxtarova həvalə olundu.

-25 aprel – Dünya Bankının İcraçı direktoruna Azərbaycan üzrə yeni müşavir təyin edilib və bu vəzifə Amin Muradova həvalə edilib.

-29 aprel Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanıldı. 

-6 may – Mərkəzi Bank: “Banklararası Hesablaşmalar Sisteminin ISO20022 standartına keçidi yekunlaşdı”

“Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nda nəzərdə tutulan “Maliyyə infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi” layihəsi çərçivəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZIPS) adıçəkilən standarta keçidi Mərkəzi Bank tərəfindən uğurla yekunlaşdırıldı.

-12 may – “Dünyanın ən yaxşı yeni banknotu” mükafatı AMB-yə təqdim edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyəyə buraxdığı, “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görülmüş 50 manatlıq pul nişanının qalibiyyət mükafatı (kubok) quruma təqdim edildi. Təqdimat mayın 2-5-də İspaniyada təşkil edilmiş “Global Currency Forum 2022” çərçivəsində baş tutdu.

-16 may – Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişdi

Prezident İlham Əliyev 18 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik etdi. Fərmana əsasən müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) 100% məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.

-16 may – “Naxçıvan Sığorta”ya müddətsiz lisenziya verildi

Azərbaycan Mərkəzi Bankı “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən SF-0004 nömrəli müddətsiz lisenziya verdi.

-17 may “Qala Sığorta” satıldı

“Qala Sığorta” ASC-nin 100% səhmdarı “AzRe Təkrarsığorta” ASC şirkəti satdı və alıcının kim olduğu açıqlanmadı.

-25 may – Azərbaycanda daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i geri qaytarılacaq

Azərbaycanda fiziki şəxslərin müxtəlif binalardan əldə etdikləri daşınmaz əmlaklara görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i geri qaytarılacağı ilə bağlı yeni qayda və şərtlər açıqlandı.

-2 iyun “Mastercard” Beynəlxalq Ödəniş şirkəti Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru vəzifəsi Avşar Gürdala həvalə edildi.

-8 iyun – Prezident İlham Əliyevin Sərəncamına əsasən Rəşad Orucov Mərkəzi Bankın sədrinin birinci müavini təyin edildi. 

-8 iyun Prezident İlham Əliyevin Sərəncamına əsasən Əliyar Məmmədyarov Mərkəzi Bankın sədrinin müavini təyin edildi.

-8 iyun – Azərbaycan İCİEC-in üzvlüyünə qəbul edildi

Azərbaycanın İslam İnkişaf Bankının (İsDB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına (İCİEC) üzvlüyü ilə bağlı müvafiq qətnamə qəbul olundu. Qətnamə iyunun 1-4-ü tarixlərində Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən İslam İnkişaf Bankının Müdirlər Şurasının 47-ci İllik Toplantısında qəbul edildi. 

-10 iyun – Cavid Quliyev “PAŞA Bank” ASC-nin Baş İcraçı direktoru və İdarə Heyətinin yeni sədri təyin edilib.

-16 iyun – Bakıda “Fintex Summit” söz işinə başladı

İyunun 16-da Bakıda “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Fintex Summit” – Maliyyə və Texnologiyalar Sərgisi keçirildi. Sammit VISA beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilib. Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparıldı, 60 məruzəçi, 120 şirkət, sektoru təmsil edən 2 000 nümayəndə iştirak etdi.

-16 iyun AMB: “Cari hesablarda aparılan əməliyyatların 73%-i elektron bankçılığın payına düşüb”

2021-ci ildə müştərilərin cari hesablarında aparılan əməliyyatlatın 73 %-i elektron bankçılığın payına düşüb. Bunu “Fintex Sammit” Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bildirib.

-17 iyun – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul etdi. Uçot dərəcəsi 7,75%, dəhlizin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% səviyyəsində saxlanıldı.

-7 iyul – “Visa” şirkəti Nurlan Hacıyevi Baş direktor, Azərbaycan üzrə menecer vəzifəsinə təyin edib.

-14 iyul – Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış açıq bankçılıq platformasına bankların inteqrasiyası başa çatdı. Bu barədə Mərkəzi Bankın Ani ödənişlər sisteminin təminatı şöbəsinin rəisi Emil Abbasov bildirib.

-21 iyul “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 267 milyon manat qaytarıldı.

-23 iyul – “S&P”: “Azərbaycanın bank sisteminin vəziyyəti stabildir”

Azərbaycanın bank sistemi sabitdir və sektordakı problemli kreditlər azalmağa davam edərək bu ilin may ayında 3,6 %-ə çatıb. Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyildi.

-27 iyul – Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxıldı

Azərbaycan Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxdı.

-29 iyul – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% səviyyəsində saxlanıldı. 

-12 avqust – “Yelo Bank”ın səhmdarlarında dəyişiklik oldu

Yelo Bank” ASC-nin səhmlərinin 95,7%-nə nəzarət edən “Topaz Investments” MMC-nin payının 94,7%-lik hissəsi digər səhmdara – Marina Kulişovaya ötürüldü. Bununla da, onun payı 4,2%-dən 98,9%-ə çatdırıldı. Qalan 1%-lik hissəni isə “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov əldə etdi. 

-15 avqust – Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçdi.

-19 avqust – “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” dəyişdi.

-23 avqust Azərbaycanda “Google Pay” aktivləşdirildi.

-1 sentyabr Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bəndi azaldılaraq 6,25%-dən 4%-ə endirilməsini qərara aldı. 

-15 sentyabr – ADB 2022-2023 illərdə Azərbaycana ayıracağı yardımın istiqamətlərini açıqladı

Asiya İnkişaf Bankının (ADB) 2022-2023-cü illərdə Azərbaycanda yardımının peşə təhsili sektorunda islahatlara və Naxçıvan Muxtar Respublikasında irriqasiyanın bərpasına yönəldilməsi gözlənilir. ADB və Azərbaycan 2024-2028-ci illər üçün yeni 5 illik ölkə tərəfdaşlıq strategiyasını hazırlayır.

-16 sentyabr – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9,25% səviyyəsində saxlanıldı.

-19 sentyabr – “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) Rəyasət Heyətinin sentyabrın 16-da keçirilmiş geniş tərkibdə iclasınında ölkədə son döyüşlərdə şəhid olmuş şəxslərin kredit borclarının silinməsi məsələsi yekdilliklə təsdiq edildi. 

-01 oktyabr – Bu tarixdən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanmağa başladı.

Dəyişikliyə əsasən sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdirildi.

-03 oktyabr – “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) Müşahidə Şurasına yeni sədr- Əhməd Gözəl təyin edildi.

-04 oktyabr – Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını artırdı

Dünya Bankı (WB) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 4,2%, 2023-cü ildə isə 2,8% artacağını proqnozlaşdırdı. 

-13 oktyabr – Pakistan Milli Bankının Bakı filialının lisenziyası könüllü ləğv olundu.

-18 oktyabr – İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 12% artırıldı

Prezident İlham Əliyevin yeni Fərmanına əsasən Fondun nizamnamə kapitalı 95 milyon  manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırıldı.

-28 oktyabr – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75%-dən 8%-ə qaldırılması barədə qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi faiz bəndi artırılaraq 5%, yuxarı həddi isə yenə də 9,25% müəyyən olundu.

-03 noyabr Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılır

Azərbaycanda 2023-cü ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5%-nin geri qaytarılması nəzərdə tutulur.

-03 noyabr – Azərbaycanda icbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edildi.

-03 noyabr – Qarabağdakı şirkətlərin dividend gəlirləri 10 il vergidən azad edildi.

-03 noyabr – Azərbaycanda məzənnə rejimi gələn il də dəyişməyəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirdi.

-07 noyabr – International Monetary Fund (IMF) Qafqazda və Mərkəzi Asiyada bərpa olunan enerjiyə ayrılacaq investisiyaların həcmini açıqladı

2023-cü ildən 2030-cu ilə qədər Qafqaz və Mərkəzi Asiya (CCA) ölkələrində bərpa olunan enerji mənbələrinə (BOEM) əlavə dövlət investisiyasının həcmi 114 milyard ABŞ dolları, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda (MENAP) isə bu göstəricinin 770 milyard ABŞ dolları olacağı gözlənilir.

-11 noyabr – Azərbaycan Mərkəzi Bankının dövriyyədəki notlarının dəyəri 1 milyard manatı keçdi.

-16 noyabr Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov biznes kreditlərinin bank kreditlərində xüsusi çəkisinin 56 %-ə çatdığını açıqladı.

-16 noyabr – Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov açıqladı ki, ölkədə xarici valyutada verilən kreditlərin xüsusi çəkisi 2%-ə – tarixi minimuma düşüb.

-24 noyabr – Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi VI Beynəlxalq Bankçılıq Forumu – “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” başladı.  Ümumilikdə iki gün davam edən (24-25 noyabr) Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak etdilər. 

-24 noyabr – Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda internet bankçılığın 55% böyüdüyünü açıqladı.

-01 dekabr – Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 8 milyard dollara çatdırdı.

-07 dekabr – Mərkəzi Bank tədavülə 5 manatlıq gümüş yubiley pul nişanı buraxdı.

-09 dekabr – Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 710 minə yaxınlaşdı.

-16 dekabr – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8%-dən 8,25%-ə qaldırılması barədə qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25%, yuxarı həddi isə yenə də 9,25% müəyyən olundu.

-20 dekabr – Milli Məclis bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

“Bank olmayan kredit təşkilatları haqqında”, “Banklar haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “İnvestisiya fondları haqqında”, “İpoteka haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər III oxunuşda müzakirə edilərək təsdiqləndi.

-20 dekabr – ADB: “Azərbaycanda manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir

Azərbaycanda ən azı 2026-cı ilə qədər milli valyutanın ABŞ dollarına bağlılığının saxlanacağı gözlənilir, çünki manata təzyiq xeyli azalacaq, Dövlət Neft Fondunun aktivləri isə xarici valyutaya tələbi qarşılamaq üçün kifayət edəcək. Bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında deyilir.

-20 dekabr – “Unibank”ın sədri dəyişir

“Unibank” ASC-nin İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov gələn il yanvarın 1-dən Bankın Müşahidə Şurasının (MŞ) sədr müavini kimi fəaliyyət göstərəcək.

-21 dekabr – Azərbaycan Mərkəzi Bankı Aktuari İnkişaf Proqramına başladı.

-27 dekabr – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 100 milyon dollarlıq istiqraz buraxır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Fond Birjası” QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır. Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək.

-30 dekabr – AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2022-ci ildə olduğu kimi 2023-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 1-də, martın 29-da, mayın 3-də, iyunun 21-də, iyulun 26-da, sentyabrın 20-də, noyabrın 1-də və dekabrın 20-də açıqlanacaq.

-30 dekabr – AMB gələn il də pul siyasətini qiymətlərin sabitliyinə yönəldəcək

2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcək. İllik inflyasiyanın faktiki və proqnoz göstəricilərinin azalması halında pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun yumşaldılması imkanları nəzərdən keçiriləcək.

Related posts

Faiz dəhlizinin parametrləri haqqında

Самые удобные мобильные банки Азербайджана для частных лиц. Результаты исследования Markswebb

Beynəlxalq kart təşkilatları 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı