2019-cu ildə satın almağa dəyər səkkiz səhm

Cari dövrdə ABŞ-Çin arasında ticarət müharibəsi, “Brexit” prosesi kimi dünya iqtisadiyyatına təsir edən amillərin mövcudluğu səbəbindən bir çox səhmlərin dəyərlərində volatillik müşahidə olunur. Bu səbəbdən, investorlar hansı şirkətlərin səhmlərinə yatırım etməyin daha gəlirli olduğu barədə şübhəlidirlər.

ABŞ mərkəzli analitik-informasiya və reytinq agentliyi “Morningstar” tərəfindən aparılan araşdırmaya görə, cari ildə aşağıda qeyd olunan şirkətlərin səhmlərinə investisiya yatırmaq investora gələcəkdə daha çox gəlir qazandıra bilər.

  1. Adobe (ADBE) – Son 11 rübdə yayınladığı hesabatlar əsasında şirkətin ümumi gəlir artımının 20%-dən çox olduğu müşahidə olunur. Bununla yanaşı, şirkətin 2018-ci ildə “Magento” və “Marketo” şirkətlərini satın alaraq tərkibinə qatması bazarda möhkəmlənməsinin nişanəsidir. “Morningstar” tərəfindən səhm dəyəri 296$, illik gəlirliliyi isə 22%  səviyyəsində dəyərləndirilib.
  2. Cerner Corp. – ABŞ-ın səhiyyə sahəsində IT xidmətləri göstərən ən böyük şirkətlərindən biri “Cerner” daxil olması ən çətin bazarlardan birində fəaliyyət göstərdiyindən, rəqabət nöqteyi-nəzərindən müsbət mövqedədir. Səhm qiyməti 78$, illik gəlirliliyi isə 28% olaraq dəyərləndirilib.
  3. Salesforce.com – Cari dövrün texnologiyası olan bulud texnologiyası sahəsində fəaliyyət göstərən “Salesforce” şirkətinin gəliri son 2 ildə 22% artıma nail olub. Həmçinin, 2018-ci ildə “Mulesoft”, 2019-cu ildə isə “Tableau” şirkətlərini öz tərkibinə qatması onu rəqiblərindən xeyli irəli çəkib. “Morningstar” 186$ səhm qiyməti və 9%-lik gəlirlilik proqnozlaşdırıb.
  4. CSX Corp. – Səhmlərə yatırım dedikdə əksər investorların dəmiryolu sektoru ağlından keçmir. “CSX” dəmir yolu şirkətinin əməliyyat xərclərinin net gəlirlərinə nisbəti (operating ratio) 2018-ci ildə 60.3%-dən 57.4%-ə azalıb. Bu isə öz növbəsində səhmdarların gəlirlərinin artmasına gətirib çıxarıb. “CSX”in səhm qiyməti 78$, illik gəlirliliyi isə 14% kimi dəyərləndirilib.
  5. Amazon – Təbii ki, yüksək gəlirli səhmlər siyahısına “Amazon” şirkətini əlavə etməmək olmazdı. Yüksək gəlir marjasına malik bulud texnologiyası xidmətləri və elektron kommersiya bazarında dominantlığı ilə həmişə səhmdarlarının üzünü güldürən şirkətin səhmbaşına 2400$, illik gəlirliliyi isə 21% səviyyəsində qiymətləndirilib.
  6. Microsoft Corp. – “Amazon” şirkətinin bulud texnologiyası bazarında əsas rəqiblərindən olan “Microsoft” şirkəti son 9 rübdə 12%-dən çox gəlir artımına nail olub. Şirkətin əsas gözəçarpan böyüməsini “Azure” bulud texnologiyasının istifadə sayının artımından görmək mümkündür. “Morningstar” tərəfindən səhm qiyməti 155$, gəlirliliyi isə 34% olaraq qiymətləndirilib.
  7. Activision Blizzard – Dünyanın ən böyük video oyunları istehsalçılarından biri olan “Activision” şirkəti “Call of Duty”, “World of Warcraft”, “Overwatch” kimi məşhur oyunların da təsisçisidir. Analitiklər şirkətin əməliyyat marjının 2023-cü ilədək 18.7%-dən 29.1%-ə yüksələcəyini proqnozlaşdırırlar. Şirkətin səhmləri üçün 62$-lıq səhm qiyməti ilə yanaşı, 20% gəlirlilik dərəcəsi də proqnozlaşdırılıb.
  8. Expedia – Son olaraq, turizm nəhəngi “Expedia”nın səhmlərinin növbəti beş ildə dəyər qazanması gözlənilir. Bunun əsas səbəbi kimi, holdinqin turizm sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən bizneslərinin olması və onların hər birinin gəlirlərində artımın müşahidə olunması göstərilir. 185$-lıq səhm qiyməti və 16%-lik gəlirlilik səviyyəsi ilə investisiya yatırmağa dəyər səhmlərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır