2019-cu ilin I rübü üzrə Tədiyə Balansı

Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Belə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur. Tədiyə balansı və onun metodoloji tərtibatı haqqında daha dolğun və ətraflı məlumatı linkdən əldə edə bilərsiniz. Həmçinin tədiyə balansı ilə bağlı animasiya ilə də tanış ola bilərsiniz.

2019-cu ilin I rübü üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari Əməliyyatlar Balansında yaranmış 1.6 mlrd.$-lıq profisit ehtiyat aktivlərinin artmasını şərtləndirmişdir.

2019-cu ilin I rübü üzrə tədiyə balansının əsas göstəriciləri

Qeyd: Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 62$ (2018-ci ilin I rübündə 65$) olmuşdur.

Cari əməliyyatlar hesabı

2019-cu ilin I rübü üzrə cari əməliyyatlar hesabında 1.6 mlrd.$ (ötən ilə müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 3% artım) məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit ö.i.m.d.n. 4.6% (129 mln.$) artaraq 3 mlrd.$, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 6.4% (82 mln.$) artaraq 1.4 mlrd.$ məbləğində olmuşdur. Nəticədə cari hesabın neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtmüşdür. CƏB profisitinin əsas amilləri:

  • Xarici ticarət balansında profisitin 3% (72 mln.$) artması;
  • İxracın neft-qaz sektoru üzrə 2.6%, qeyri-neft sektoru üzrə isə 17.2% artması;
  • İlkin gəlirlər balansında kəsirin 2.1% (11 mln.$) azalması

Xarici ticarət balansı

2019-cu ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 7 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 4 mlrd.$ həcmində yaranmış profisit qeyri-neft sektoru üzrə 1.5 mlrd.$-lıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 2.5 mlrd.$-lıq (ö.i.m.d.n. 3% artım) profisit yaranmışdır.

2019-cu ilin I rübündə Azərbaycanın dünyanın 155-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 11%-i MDB üzvü olan dövlətlərin, 89%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 4.7 mlrd.$ (3.7% artım) təşkil etmişdir.

Xarici dövlətlərə 3.6 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 129 mln.$-ı neft emalı məhsullarının, 3.5 mlrd.$-ı isə xam neftin ixracının payına düşür.

2019-cu ilin I rübündə qeyri-neft ixracı artım dinamikası göstərir, ölkənin qeyri-neft ixracı ö.i.m.d.n. 17.2% artaraq 396 mln.$ təşkil etmişdir.

Əmtəə idxalı. 2019-cu ilin I rübündə əmtəə idxalı ö.i.m.d.n. 4.4% artaraq 2.3 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.1 mlrd.$ olmuş, bunun da 403 mln.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal ö.i.m.d.n. 4.1% artaraq 1.9 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.8 dəfə), şəkərin (2.4 dəfə), dənli bitkilərin (43.7%), tərəvəz məhsullarının (16.3%), kağız məmulatlarının (18.6%) və kimya məhsullarının (14.1%), idxalı artmış, dəmiryol nəqliyyat vasitələrinin (60.5%), mebel məhsullarının (20.3%), qara metal və ondan hazırlanmış məmulatların (13.2%), daş və şüşə məmulatlarının (5%) və ağac məmulatlarının (10.4%) idxalı isə azalmışdır.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 10.8% təşkil edərək 244.2 mln.$ olmuşdur.

Xidmətlər balansı

2019-cu ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.1 mlrd.$ təşkil etmişdir. Bunun 1.3 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.8 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir ö.i.m.d.n. 0.6% artaraq 500.4 mln.$ olmuşdur.

Neft-qaz sektoru üzrə kəsir 378.3 mln.$ olmuşdur (əsasən 230 mln.$ tikinti xidmətləri və 194 mln.$ digər işgüzar xidmətlər). Qeyri-neft sektoru üzrə xidmətlər balansının 2018-ci ilin I rübündə olan 14.8 mln.$-lıq kəsir 2019-cu ilin I rübündə 8.2 dəfə artaraq 122.1 mln.$ təşkil etmişdir.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 25.8%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 552.6 mln.$ olan nəqliyyat xidmətlərinin 51.7%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 285.6 mln.$, qeyri- rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 267 mln.$ təşkil etmişdir.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 13.7% artmış, idxalı isə 9.4% azalmışdır. Nəticədə bu maddə üzrə 2018-ci ilin I rübündə olan 83.6 mln.$ olan kəsir 2019-cu ilin I rübündə 3.1 dəfə azalaraq 27 mln.$ təşkil etmişdir.

2019-cu ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 672 mln.$ təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın həcmi 352 mln.$, ixracın həcmi isə 319 mln.$ təşkil etmişdir. 2019-cu ilin I rübü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1.2 mln. nəfər, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 610.8 min nəfər olmuşdur.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 80%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri ö.i.m.d.n. 30% artaraq 16.7 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri- rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ö.i.m.d.n. 44% artaraq 221 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə neft-qaz sektoru üzrə 645.2 mln.$ kəsir, qeyri-neft sektoru üzrə isə 128.7 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir ö.i.m.d.n. 2.1% azalaraq 516.5 mln.$ təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.2 mlrd.$ olmuşdur. Bunun 72%-i (846.6 mln.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (476.1 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri- rezidentlərə ödənilən faizlər (177.2 mln.$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (89.6 mln.$) təşkil edir. Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansının profisitinin ö.i.m.d.n. 2.4 dəfə artması dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır.

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 344.4 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 238.9 mln.$, ödənişlər isə 105.5 mln.$ təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 11% azalaraq 215 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 7.3% artaraq 89.3 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 125.7 mln.$ müsbət saldo yaranmışdır.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 133.4 mln.$ (ö.i.m.d.n. 20% azalma) təşkil etmişdir.

Maliyyə hesabı

2019-cu ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 1 254.8 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (817.2 mln.$), portfel investisiyaları (402.2 mln.$), törəmə maliyyə alətləri (-0.2 mln.$) və digər investisiyalar (35.6 mln.$) hesabına formalaşmışdır.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 039.7 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (67.9 mln.$), neft bonusu (450.8 mln.$), portfel investisiyaları (-14 mln.$) və digər investisiyalar (535 mln.$) hesabına formalaşmışdır.

Birbaşa investisiyalar

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği

808.7 mln.$ olmuşdur.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84.3% təşkil etmişdir.

2019-cu ilin I rübündə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (67.9 mln.$) artımı cəlb olunmuş investisiya ilə (808.7 mln.$) kapitalın repatriasiyası (740.8 mln.$) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 126.7 mln.$ olmuşdur.

Haşiyə 1. Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyaların həcmi, strukturu, investorlar arasında pay bölgüsü və qoyulmuş sərmayələrin sonradan gəlir və kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və BVF- nun tövsiyələrinə əsasən həyata keçirilməkdədir.

Bağlanmış müqavilələr əsasında gəlirlərin “repatriasiyası” dövr ərzində xarici investorun yatırdığı investisiyadan əldə etdiyi gəlirdir. Qeyd edək ki, bu sazişlərə əsasən müvafiq konsorsiumlarda olan payçılar hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalın repatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə xarici öhdəliklərinin azalması (mənfi işarə) deməkdir (“-” net incurrence of liabilities).

Kreditlər və digər investisiyalar

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 6.5 mln.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 155.6 mln.$ artmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri neft-qaz sektorunun kreditləri və dövlət təminatlı kreditlər hesabına artmış, bankların kreditləri, firmaların və digər müəssisələrin kreditləri və birbaşa dövlət kreditləri hesabına isə azalmışdır.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 368 mln.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 49.3 mln.$ artmışdır.

Ehtiyat aktivləri

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 2 mlrd.$ məbləğində artmışdır.

Haşiyə 2. Ehtiyat aktivləri – bu maddə Cari əməliyyatlar və Maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə/örtülmürsə, onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə/örtülə bilər.

Tədiyə balansının ümumi kəsirini ehtiyat aktivlər maliyyələşdirmirsə (və ya əksinə, profisit ehtiyat aktivlərin artımında əks olunmursa), yaranan fərq balanslaşdırıcı maddələrdə saldo kimi öz əksini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır