2019-cu ilin I yarımilliyi üzrə Azərbaycan Respublikasının TƏDİYƏ BALANSI

Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Belə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur. Tədiyə balansı və onun metodoloji tərtibatı haqqında daha dolğun və ətraflı məlumatı linkdən əldə edə bilərsiniz. Həmçinin tədiyə balansı ilə bağlı animasiya ilə də tanış ola bilərsiniz.

2019-cu ilin I yarımilliyi üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari Əməliyyatlar Balansında yaranmış 3.1 mlrd.$-lıq profisit ehtiyat aktivlərinin 3.6 mlrd.$ artmasını şərtləndirmişdir.

2019-cu ilin I yarımilliyi üzrə tədiyə balansının əsas göstəriciləri


Qeyd: Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 65$ (2018-ci ilin I yarımilliyində 69$) olmuşdur

Cari əməliyyatlar hesabı

2019-cu ilin I yarımilliyi üzrə cari əməliyyatlar hesabında 3.1 mlrd.$ (ötən ilə müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 13.1% azalma) məbləğində profisit yaranmış, o cümlədən neftqaz sektoru üzrə profisit ö.i.m.d.n. 2.1% (132 mln.$) azalaraq 6.2 mlrd.$, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 11.9% (330 mln.$) artaraq 3.1 mlrd.$ məbləğində olmuşdur. Nəticədə cari hesabın neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtmüşdür. CƏB ticarət balansının və təkrar gəlirlər balansının profisitinin xidmətlər balansının və ilkin gəlirlər balansının kəsirini tam örtməsi hesabına formalaşmışdır.

Xarici ticarət balansı

2019-cu ilin I yarımilliyi üzrə xarici ticarət dövriyyəsi 15 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 8.2 mlrd.$ həcmində yaranmış profisit qeyri-neft sektoru üzrə 3.3 mlrd.$-lıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 4.9 mlrd.$-lıq (ö.i.m.d.n. 2.6% azalma) profisit yaranmışdır. 3 2019-cu ilin I yarımilliyində Azərbaycanın dünyanın 178-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13.4%-i MDB üzvü olan dövlətlərin, 86.6%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 9.9 mlrd.$ (0.2% artım) təşkil etmişdir. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 1.3% azalaraq 9 mlrd.$ olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin azalması ilə əlaqədardır). Xarici dövlətlərə 7.7 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 321 mln.$-ı neft emalı məhsullarının, 7.4 mlrd.$-ı isə xam neftin ixracının payına düşür. 2019-cu ilin I rübündə qeyri-neft ixracı artım dinamikası göstərir, ölkənin qeyri-neft ixracı ö.i.m.d.n. 16.1% artaraq 945 mln.$ təşkil etmişdir.

Əmtəə idxalı. 2019-cu ilin I yarımilliyində əmtəə idxalı ö.i.m.d.n. 3% artaraq 5 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 2.4 mlrd.$ olmuş, bunun da 771 mln.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal ö.i.m.d.n. cüzi (0.1%) azalaraq 4.2 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.6 dəfə), şəkərin (1.8 dəfə), dənli bitkilərin (26.4%), kağız məmulatlarının (23.1%), tərəvəz məhsullarının (13%) və kimya məhsullarının (11.6%) idxalı artmış, dəmiryol nəqliyyat vasitələrinin (15.6%), tütün və tütün məhsullarının (14.7%), mebel məhsullarının (9.2%), qara metal və ondan hazırlanmış məmulatların (7.2%) və ağac məmulatlarının (4.7%) idxalı isə azalmışdır.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 9% təşkil edərək 456.1 mln.$ olmuşdur.

Xidmətlər balansı

2019-cu ilin I yarımilliyi üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.6 mlrd.$ təşkil etmişdir. Bunun 2.9 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.7 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir ö.i.m.d.n. 30.5% artaraq 1.2 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə kəsir 893 mln.$ (əsasən 510 mln.$ tikinti xidmətləri və 475 mln.$ digər işgüzar xidmətlər), qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 351.3 mln.$ olmuşdur. Qarşılıqlı xidmətlər dövriyyəsinin 25.1%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd.$ olan nəqliyyat xidmətlərinin 45.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 527.4 mln.$, qeyri- 4 rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 641.1 mln.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 6.2% azalmış, idxalı isə 3.6% artmışdır. Nəticədə bu maddə üzrə 2018-ci ilin I yarımilliyində olan 155.1 mln.$ olan kəsir 2019-cu ilin I yarımilliyində 32.8% artaraq 206 mln.$ təşkil etmişdir. 2019-cu ilin I yarımilliyi üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ö.i.m.d.n. 1.9 dəfə azalaraq 1.5 mlrd.$ təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (777 mln.$) idxalı (747 mln.$) üstələməsi nəticəsində 30 mln.$ həcmində profisit yaranmışdır (2019- cu ilin I yarımilliyi ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ö.i.m.d.n. 25.8%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 6.6% artmışdır). Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 89.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri ö.i.m.d.n. 2.8% azalaraq 21.7 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyrirezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ö.i.m.d.n. 30.9% artaraq 445.6 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə neft-qaz sektoru üzrə 1.1 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 266.2 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir ö.i.m.d.n. 6.1% azalaraq 850.3 mln.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 2.3 mlrd.$ olmuşdur. Bunun 68.6%-i (1.6 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (952.2 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (177.3 mln.$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (244.5 mln.$) təşkil edir. Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 266.1 mln. $-lıq profisitin yaranmasının əsas səbəbi dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır.

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 723 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 495.3 mln.$, ödənişlər isə 227.7 mln.$ təşkil etmişdir. 5 Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89.5%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7.4%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3.1%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 16% azalaraq 443.2 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 13.1% artaraq 192.5 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 250.7 mln.$ müsbət saldo yaranmışdır. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 267.6 mln.$ təşkil etmişdir.

Maliyyə hesabı

2019-cu ilin I yarımilliyi üzrə ölkənin xalis maliyyə aktivləri 583.8 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1243.7 mln.$), portfel investisiyaları (318.5 mln.$) və digər investisiyalar (-978.4 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 643.0 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (328.3 mln.$), neft bonusu (450.8 mln.$), portfel investisiyaları (-20.3 mln.$), törəmə maliyyə alətləri (-3.9 mln.$) və digər investisiyalar (-111.9 mln.$) hesabına formalaşmışdır.

2019-cu ilin I yarımilliyi üzrə xalis maliyyə aktivləri və öhdəlikləri

Birbaşa investisiyalar

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.7 mlrd.$ olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86.2% təşkil etmişdir. 2019-cu ilin I rübündə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (328.3 mln.$) artımı cəlb olunmuş investisiya ilə (1724.2 mln.$) kapitalın repatriasiyası (1395.9 mln.$) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 237.4 mln.$ olmuşdur.

Haşiyə 1. Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyaların həcmi, strukturu, investorlar arasında pay bölgüsü və qoyulmuş sərmayələrin sonradan gəlir və kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və BVFnun tövsiyələrinə əsasən həyata keçirilməkdədir.

Bağlanmış müqavilələr əsasında gəlirlərin “repatriasiyası” dövr ərzində xarici investorun yatırdığı investisiyadan əldə etdiyi gəlirdir. Qeyd edək ki, bu sazişlərə əsasən müvafiq konsorsiumlarda olan payçılar hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalın repatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə  xarici öhdəliklərinin azalması (mənfi işarə) deməkdir (“-” net incurrence of liabilities).

Portfel investisiyaları

2019-cu ilin I yarımilliyində Portfel investisiyaları üzrə aktivlər 318.5 mln.$ artmış, öhdəliklər isə 20.3 mln.$ azalmışdır. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət sektorunun və bankların hesabına artmış, öhdəliklər isə neft-qaz sektorunun hesabına azalmışdır.

Kreditlər və digər investisiyalar

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 4.3 mln.$, xalis maliyyə öhdəlikləri isə 203.7 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri neftqaz sektorunun kreditləri və dövlət təminatlı kreditlər hesabına artmış, bankların kreditləri, firmaların və digər müəssisələrin kreditləri və birbaşa dövlət kreditləri hesabına isə azalmışdır. 7 Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.4 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 5.8 mln.$ azalmışdır.

Ehtiyat aktivləri

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 3.6 mlrd.$ məbləğində artmışdır.

Haşiyə 2. Ehtiyat aktivləri – bu maddə Cari əməliyyatlar və Maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə/örtülmürsə, onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə/örtülə bilər. Tədiyə balansının ümumi kəsirini ehtiyat aktivlər maliyyələşdirmirsə (və ya əksinə, profisit ehtiyat aktivlərin artımında əks olunmursa), yaranan fərq balanslaşdırıcı maddələrdə saldo kimi öz əksini tapır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır