2019-cu ilin II rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2019-cu ilin birinci yarısında investisiya qiymətli kağızları bazarında ümumilikdə 8 176,3 mln. manat həcmində əməliyyat aparılıb. Bazarın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. Əməliyyatların 85%-i (6 957,5 mln. manat) ilkin bazarda, 15%-i (1 218,8 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%, təkrar bazar əməliyyatları isə 11% artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin birinci yarısı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% (756 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 470 mln. manata çatıb. Ümumilikdə, korporativ qiymətli kağızların ilkin bazarında 19% artım müşahidə olunub.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 11% artaraq 6 656 mln. manat təşkil edib. Bunun 520 mln. manatını dövlət istiqrazları, 6 135,5 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 17 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 26 hərrac keçirilib və müvafiq olaraq, 325 mln. manat və 5 951 mln. manat məbləğində yerləşdirmə olub.

2019-cu ilin birinci yarısı üzrə investisiya qiymətli kağızları bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır