2019-cu ilin yanvar ayında qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi artıb

2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artıb.

Ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 5,1 faiz, büdcə vəsaitləri 4,1 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,8 faiz təşkil edib.

2019-cu ilin yanvar ayında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu kimi mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır