2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları sahəsində prioritet hədəflərindən biri də məhz sığorta sahəsinin tənzimlənməsinin həyata keçirilməsi, nəzarət sisteminin çevikliyinin və şəffaflığının təmin edilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə əsasında sığorta sahəsinin inkişaf etdirilməsidir.

Sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində bir sıra mühüm hüquqi, institusional və əməliyyat işləri həyata keçirilib. Aparılan islahatlar sığorta sahəsində sığorta haqlarının artmasına müsbət təsir edir.

2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 154.6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.           

Könüllü sığorta bazarı üzrə haqlar 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub.

2019-cu ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.5%-i könüllü, 32.5%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

2019-cu ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmalgöstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır