

2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19657,5 mln. manat proqnoza qarşı 17711,9 mln. manat və ya 90,1 faiz icra edilmişdir.
Dövlət büdcəsi xərclərinin 11476,4 mln. manatı və ya 64,8 faizi cari xərclərə, 4722,0 mln. manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1513,5 mln. manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7655,2 mln. manat məbləğində icra olunmuş, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 mln. manat və ya 6,7 faiz üstələmişdir.
2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranmışdır.