2022-ci ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub

Azərbaycan Respublikasıın Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi göndərilib. 

2022-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təqdim olunur. 

Dəyişikliklərlə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat nəzərdə tutulub və təsdiq olunmuş göstəriciyə nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz artırılır. 

Dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 11740,0 milyon manatı və ya 40,2 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 4605,0 milyon manatı və ya 15,8 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11517,5 milyon manatı və ya 39,4 faizi Dövlət Neft Fondundan transfertin, 834,0 milyon manatı və ya 2,9 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 318,0 milyon manatı və ya 1,1 faizi sair gəlirlərin, 183,3 milyon manatı və ya 0,6 faizi büdcə fondlarının payına düşür. 

2022-ci il dövlət büdcəsi xərclərinin 32303,8 milyon manata çatdırılması və ya təsdiq olunmuş göstəriciyə nisbətən 2424,8 milyon manat və ya 8,1 faiz artırılması nəzərdə tutulur. 

Dürüstləşmiş 2022-ci ilin dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artırılaraq 3106,0 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,7 faiz təşkil edəcəkdir ki, bu da təsdiq olunmuş dövlət büdcəsindəki göstəricidən 0,8 faiz az olacaq. 
Yenidən baxılma ilə icmal büdcənin gəlirləri 36660,9 milyon manatadək və ya  təsdiq olunmuş göstəriciyə nisbətən 8975,5 milyon manat və ya 32,4 faiz artırılır. 

İcmal büdcənin xərcləri 35540,9 milyon manat proqnozlaşdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəriciyə nisbətən 2626,5 milyon manat və ya 8,0 faiz çoxdur. 

Dövlət Neft Fondundan dövlət büdcəsinə 12710,0 milyon manat məbləğində nəzərdə tutulmuş transfert 1192,5 milyon manat azaldılacaqdır.

İcmal büdcədəki 5229,0 milyon manat məbləğində nəzərdə tutulmuş kəsir yenidən baxılma nəticəsində 1120,0 milyon manatlıq profisitlə əvəzlənir.  

2022-ci ilin yenidən baxılmış dövlət və icmal büdcələri Prezident İlham Əliyevin prioritet hədəflər kimi müəyyən etdiyi bütün istiqamətlərdə, o cümlədən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək bərpa və yenidənqurma işlərinin daha geniş vüsət almasına, ölkəmizin təhlükəsizliyinin möhkəmlənməsinə və iqtisadi inkişafının stimullaşdırılması üçün əlavə maliyyə təminatı yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır