2023-cü ildə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 105 təlim keçirilib, 9 aqroturizm təsərrüfatına dəstək göstərilib

Aqroturizmin inkişaf etdirilməsi, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanlarının yaradılmasına xidmət edən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 2023-cü il ərzində Şabran, Qusar, Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonları üzrə ümumilikdə 33 təsərrüfatın qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmədən sonra İsmayıllı, Zaqatala, Göygöl, Şamaxı, Oğuz, Qax, Lənkəran və Astara rayonunda yerləşən ümumilikdə 9 aqroturizm təsərrüfatlarında abadlaşdırma işləri yekunlaşdırılıb.

Layihədə iştirak üçün əsas meyar fəaliyyətlərində aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətləri nəzərə alınır.

Eyni zamanda əvvəl dəstək göstərilən “Lakeside Garden”, “Tofiqoğlu bal”, “Bio Garden”, “Bal Evi”, “EKO Zaqatala”, “Hope lake”, “Sitrus vadisi”, həmçinin Quba rayonunun Qımılqazma kəndində yerləşən təsərrüfatlarda təmirdən sonra monitorinqlər keçirilib.

Monitorinqin nəticələrinə əsasən 2019-cu il ilə müqayisədə 2023-cü ildə aqroturizm istiqamətində regionlara turist axını 5 dəfə artıb. Layihənin icra edildiyi müddətdən bugünədək təsərrüfatlara səfər edən turistlərin ümumi sayı 230 min nəfərə çatıb.

2023-cü ildə dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 53 turizm şirkətinin nümayəndələri üçün infoturlar təşkil edilib.

İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə şimal-qərb, qərb, cənub və aran regionlarında təqdimatlar baş tutub. Bundan əlavə Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax və Zaqatala rayonlarından olan 105 təsərrüfat sahibi üçün aqroturizmlə bağlı müxtəlif təlimlər keçirilib.

Dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.

Ümumilikdə layihə çərçivəsində 175 təsərrüfatdan 221 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin layihəsi olan “Şəhərdən Kəndə” “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilir.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı