2025-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından 1,6 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarda qeyd olunub.
Məlumata görə, “Abşeron” yatağından qaz hasilatı illik müqayisədə 0,1 milyard kubmetr və ya 6,7 % artıb.
Nazirliyin məlumatında bildirilib ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu göstərici 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 % çoxdur.
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 7,9 milyard kubmetr təbii qaz hasil olunub. SOCAR üzrə qaz hasilatı 2024-cü illə müqayisədə 0,2 milyard kubmetr və ya 2,6 % artıb.
Hesabat dövründə hasil edilən qazın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 27,9 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşüb. AÇG-dən qaz hasilatı illik müqayisədə 0,8 milyard kubmetr və ya 6 %, “Şahdəniz” yatağından hasilat isə 0,1 milyard kubmetr və ya 0,3 % artıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən iri neft yataqları blokudur. Yataqların işlənməsi üzrə ilk hasilatın pay bölgüsü sazişi 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də isə yataqların 2049-cu ilin sonunadək birgə istismarını nəzərdə tutan yeni saziş qüvvəyə minib. Layihədə BP, SOCAR, “MOL Group”, INPEX, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh Limited” şirkətləri iştirak edir.
“Şahdəniz” yatağı üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb. Yataq 1999-cu ildə kəşf edilib və layihədə BP (operator), “LUKoil”, TPAO, NİCO, Cənub Qaz Dəhlizi və MVM şirkətləri yer alır.
“Abşeron” qaz yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz ehtiyatlarının təxminən 350 milyard kubmetr olduğu bildirilir. Bu yataq Xəzər dənizində “Şahdəniz”dən sonra ikinci ən böyük qaz yatağı hesab olunur. “Abşeron” yatağı üzrə 2009-cu ildə SOCAR və Fransanın “Total” şirkəti arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustunda isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) yataqda 30 %-lik iştirak payı əldə edib. Satınalma tamamlandıqdan sonra SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin payı 35 % təşkil edəcək.